AZ

Bakıda görkəmli rus musiqiçisinin 150 illiyi qeyd olundu

Dünən axşam Bakıda fəaliyyət göstərən “Russki dom”da Rusiyanın görkəmli müsiqiçisi və pedaqoqu Yelena Qnesinanın anadan olmasının 150 illiyinə həsr olunmuş klassik musiqi konserti keçirilib.

KONKRET.az xəbər verir ki, maraqlı musiqi gecəsi “Russki dom” və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Konsert öncəsi tamaşaçıları “Russki dom” rəhbərinin müavini Dmitri Yeqorov salamlayıb və klassik musiqi sahəsində Bakı Musiqi Akademiyası ilə birgə əməkdaşlığı yüksək qiymətləndirib.

BMA-nın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakinanın  aparıcılığı ilə idarə olunan konsertdə Rusiyanın müsiqi təhsili tarixində əfsanəvi şəxsiyyət hesab olunan Yelena Qnesinanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. 72 il ərzində ən böyük musiqi təhsili kompleksinin – Qnessinlər adına təhsil müəssisələrinin yaradıcısı və rəhbərinin ifaçılıq, bəstəkarlıq, təşkilatçılıq və ictimai sahələrdə tarixi roluna, son dərəcə geniş miqyaslı fəaliyyətinə, musiqi sənəti tarixində silinməz iz qoyduğuna diqqət cəlb edilib.

Tədbir müxtəlif bədii üslublardan, milli və dünya bəstəkarlıq məktəblərinin məşhur, eləcə də nadir hallarda ifa olunan akademik musiqi əsərlərindən ibarət rəngarəng və zəngin proqramlarının təqdim olunması ilə davam edib.

Ecazkar gecədə BMA-nın konsertmeysterləri və müəllimləri Ülviyyə Əliyeva, Arzu Səfərova, Dilarə Kərimova, Alyona İnyakina, BMA-nın tələbələri, beynəlxalq müsabiqələr laureatları Fidan Yunus, Nəriman Məsimov, Jalə Mailova, Zərifə Hasılova, Əli Adıgözəlov, Daler Odinaev, Səbinə Həsənzadə, Amin Heydərov, Fərid Hacıyev, Gülnarə Salmanova, Nuray İsmayılzadə, Aydan Quliyeva, Kənan Rəhmanzadə, Müseyib Əsədov, həmçinin Aysu Məmmədli, Xədicə Qasımova, Kənan Bağırov ifaçılıq məharətlərini nümayiş etdiriblər.

T.Quliyevin “Qaytağı”, V.A.Motsartın “Hər kəs belə edir” operasından Despinanın ariyası, K.Sen-Sansın faqor və fortepiano üçün sonatası (I hissə), E.Lekyonun “Malaguena”, İ.Albenisin “Asturia”, A.Dvorjakın “Su pərisi” operasından Su pərisinin “Song to the moon” ariyası, C.Rossininin “Seviliya bərbəri” operasından Bazilionun ariyası, V.A.Motsartın “Don Juan” operasından  Don Juan və Zerlinanın dueti, N.Paqanininin “Moisei-fantaziya”, P.Sarasatenin “Sapateado”, Ağa Əliyevin “Adajio”, F.Kreyslerin “Çin tamburini”, C.Verdinin “The Sicilian Vespers” operasından “Yelenanın bolerosu”, A.Rubinşteynin “Neron” operasından “Epitalama”, S.Raxmaninovun sol minor prelüdiyası, F.Listin “Transsendental etüd”, P.Hindemitin truba və fortepiano üçün sonata (I hissə) kimi əsərlər tamaşaçıların gur alqışları iə qarşılandı.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla