AZ

“Könüllülərə yol açırıq” - satış sərgisi

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi tərəfindən “Könüllülərə yol açırıq” adlı satış sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan sərgidə həssas qruplardan olan insanların əl işləri təqdim edilib.

Sərginin açılışında ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva çıxış edib. O bildirib ki, sərginin təşkilində əsas məqsəd həssas qrupa aid uşaqların cəmiyyətə adaptasiyası və cəmiyyət tərəfindən qəbulunu təmin etməkdir. Ölkəmizdə aparılan bir sıra islahatlar məhz həssas qrupa aid uşaqların həyata qayıtmasına, cəmiyyətə uyğunlaşmalarına xidmət edir.

“Biz də ölkəmizdə keçirilən tədbirlər töhfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyini qəbul etdik. Qeyd edim ki, bu İctimai Birlik artıq bir sıra ali təhsil müəssisələrində müvafiq sərgilərin təşkilatçısı olub”, - deyə S. Əliyeva əlavə edib.

Daha sonra “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova sərgi iştirakçıları haqqında məlumat verib. Onun sözlərinə görə, 14 ildir fəaliyyət göstərən İctimai Birlik bu müddət ərzində müxtəlif sərgilərin həyata keçirilməsini təmin edib.

“Bir çox universitetlərdə bu tədbirləri təşkil etməkdə məqsədimiz odur ki, yeni nəsil həssas qrupa aid olan uşaqları tanısın və onlara dəstək olsun”, - deyə təşkilat sədri bildirib.

Satış sərgisində, həmçinin Türk Əməkdaşlıq Koordinasiya Agentliyindən olan qonaqlara söz verilib.

Sonda ADMİU-nun Muğam sənəti kafedrasının konsertmeysterləri və tələbələri çıxış ediblər.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla