AZ

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

“Kəpəz” klubunun futbolçusu Vüsal Məsimovun futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın 31-ci turunda “Sabah”a 1:2 hesabı ilə uduzdunuz. Sizcə, nəticə oyuna görə oldu?

– “Sabah”la görüşün çətin keçəcəyini bilirdik. Buna görə də matça çox yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik, meydana 3 xal üçün çıxmışdıq. Düşünürəm ki, “Sabah”dan üstün oynadıq. Heyf ki, istədiyimiz nəticə alınmadı.

– Fasilədə əvəzlənməyiniz nə ilə bağlı oldu?

– İlk hissənin sonunda – 42-43-cü dəqiqələrdə zədələndim. Ağrım çox idi. Buna görə də oyunu davam etdirə bilmədim.

– Növbəti turda “Qəbələ” ilə həlledici matça çıxacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

– “Qəbələ” ilə görüşə də yaxşı hazırlaşırıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirərək, qələbə qazanmaq istəyirik. Məncə, çox maraqlı oyun olacaq. Hər iki tərəf meydana qalib gəlmək üçün çıxacaq. İnşallah, sevinən tərəf biz olarıq.

– “Kəpəz”in Premyer Liqanı tərk edəcəyi ilə bağlı az da olsa, qorxunuz var? Yoxsa artıq bu təhlükənin tam sovuşduğunu düşünürsünüz?

– Düşünürəm ki, çempionatda qalmaq missiyasının öhdəsindən 80 faiz gəlmişik. Hazırda sonuncu pillədən 14 xal öndəyik. Ancaq rahatlaşmaq olmaz. Qarşıda hələ oyunlarımız var. Bizim məqsədimiz təkcə çempionatda qalmaq yox, turnir cədvəlində daha yuxarı yerlərdə qərarlaşmaqdır. Buna şansımız var və biz də fürsətdən istifadə etmək istəyirik.

– Cari mövsümdə öz çıxışınızı necə qiymətləndirirsiniz?

– Normal qiymətləndirirəm. Özümə güvənirəm və düşünürəm ki, daha artığını edə bilərəm. Baş məşqçimiz Adil müəllimə təşəkkür edirəm, mənə şans verdi, mənə inandı. Görürsünüz ki, mütəmadi olaraq məni meydana buraxır, heyətdə yer verir. Onun etimadını doğrultmaq, özümü daha da yaxşı tərəfdən göstərmək istəyirəm.

– Adil Şükürov mövsümün əvvəlindən “Kəpəz”i çalışdırsaydı, komandanız hazırda yuxarı pillələrdə ola bilərdi?

– Adil müəllim savadlı və təcrübəli məşqçidir. İnanıram ki, “Kəpəz”i gələcəkdə daha yüksək yerlərə gətirəcək. Azarkeşlər onun rəhbərliyi altında daha iddialı “Kəpəz” görə biləcəklər.

FƏRİD

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla