AZ

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Beynəlxalq

Paris, 24 aprel, AZƏRTAC

Beynəlxalq Amnistiya Təşkilatı - Amnesty İnternational Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda ittiham edir.

AZƏRTAC xəbər verir ki, təşkilat illik hesabatında Fransada pensiya islahatlarına etiraz nümayişləri zamanı həbslər, qadağalar və güc tətbiqi kimi qeyri-qanuni hallara diqqət çəkərək, Fransa hakimiyyətini bir çox hallarda nümayiş hüququna həddindən artıq qeyri-mütənasib və qeyri-qanuni məhdudiyyətlər qoymaqda günahlandırıb. Bütün ilboyu çox sayda nümayişçinin həbs edildiyini xatırladaraq, təhlükəsizlik avadanlıqlarının, bannerlərin, dinamiklərin və digər əşyaların aqressiv şəkildə müsadirə olunduğunu qeyd edib.

Beynəlxalq təşkilat etiraz aksiyaları zamanı yerli hakimiyyət orqanlarının “ictimai asayişi pozmaq təhlükəsi” adı altında nümayişlərə qoyulan qadağaları, eləcə də nümayişləri dağıtmaq üçün güc tətbiqini, xüsusilə də dəyənəklərdən istifadəni sərt şəkildə qınayıb. Həmçinin irqçi, ksenofob xarakterli vandalizm aktları - məscidlərə, sinaqoqlara və qəbiristanlıqlara hücumlar pislənilib.

Hesabatda müsəlman qadın və qızlara qarşı sistemli irqçilik və davamlı dini ayrı-seçkilikdən təəssüf ifadə olunub. Qeyd edilir ki, bir həftədə onlarla müsəlman qızın təhsil hüquqları pozulub və onlar məktəbə buraxılmayıb.

Eyni zamanda, Amnesty İnternational vurğulayır ki, qara dərili və ya ərəb gənclərə qarşı ayrı-seçkilik xarakterli şəxsiyyət yoxlamaları institusional və sistemli irqçiliyin təzahürü olaraq, yolverilməzdir. Hökumətin yanvar ayında təqdim etdiyi “irqçilik, antisemitizm və mənşəli ayrı-seçkiliklə mübarizə üzrə Milli Plan” isə bu çağırışlara cavab vermir.

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla