AZ

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Aprelin

Bakı, 24 aprel, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə aprelin ikinci yarısında Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə bu tədbir Avropa İmmunlaşdırma Həftəsi adlanırdı və müvafiq olaraq yalnız köhnə dünya ölkələrini əhatə edirdi. Lakin tədricən digər qitələr də həmin prosesə qoşuldular.

İmmunlaşdırma həftəsi ictimaiyyətin diqqətini bəşəriyyəti yoluxucu xəstəliklərdən qorumaq üçün əsas profilaktik tədbirlərdən biri kimi immunizasiyaya cəlb etmək məqsədi daşıyır. ÜST ailələri uşaqlarının ölümcül xəstəliklərə qarşı peyvənd olunduğundan əmin olmağa çağırır.

Təşkilatın məlumatına görə, immunizasiya hər il difteriya, tetanus, göy öskürək, qızılca, parotit və məxmərəkdən 2-3 milyon nəfərin ölümünə mane olur. Vaksini vaxtında alan uşaqların sayı da ÜST-nin səyləri və onun elan etdiyi İmmunlaşdırma Həftəsi sayəsində artır. Hər il dünyada 100 milyondan çox uşaq difteriya, tetanus və göyöskürəyə qarşı peyvənd olunur. Məsələn, qızılca peyvəndi sayəsində 2000-2016-cı illər arasında dünyada həmin xəstəlikdən ölüm halları 84 faiz azalıb.

Bununla belə, 20 milyona yaxın uşaq hələ də lazımi peyvəndi almayıb. Onların demək olar ki, 70 faizi on ölkədə - Hindistan, İndoneziya, Əfqanıstan, Pakistan, İraq, Konqo, Nigeriya, Uqanda, Efiopiya və Cənubi Afrika yaşayır. Halbuki immunlaşdırma nəticəsində beş yaşına qədər olan 1,7 milyon uşağın həyatını xilas etmək olardı, 2022-cü ildə təxminən 14,3 milyon südəmər körpə həyat üçün lazım olan peyvənd almayıb. Bunun səbəbləri qeyri-adekvat vaksin təchizatı, səhiyyə xidmətlərinə çıxışın olmaması, siyasi və maliyyə dəstəyin çatışmamasıdır.

Gələcəkdə belə halların baş verməməsi üçün ÜST İmmunlaşdırma Həftəsi çərçivəsində müxtəlif maarifləndirici tədbirlər keçirir. Həmçinin uşaqların və böyüklərin peyvəndlənməsini təşkil edir, müxtəlif ölkələrin nümayəndələrini məlumat və təcrübə mübadiləsinə dəvət edir. Beynəlxalq əməkdaşlıq əhalinin immunizasiya tempini sürətləndirməyə, insanların və regionların maksimum sayını əhatə etməyə imkan verir. Peyvəndləmə dünyanı ağuşuna alan COVID-19-la da mübarizədə öz faydasını verdi. Buna görə də ÜST beynəlxalq, regional, milli və yerli səviyyələrdə, dövlət və özəl sektorda və vətəndaş cəmiyyəti daxilində fəaliyyət göstərən insanları və təşkilatları Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlərin təşkilində və iştirakında daha fəal olmağa çağırır.

İmmunlaşdırma həftəsi çərçivəsində ÜST-nin dəstəyi ilə bir sıra rayonlarda maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla