AZ

Qəbələdə “ilin oyunu”, “Tofiq Bəhramov”da Azərbaycan derbi! - YENİLƏNİR

Bu gün futbol üzrə ölkə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Matçlar "CBC Sport"un efirində canlı yayınlanacaq.

Ölkə kuboku
yarımfinal, cavab oyunları
24 aprel
Qəbələ - Zirə

Cəzalı: yoxdu.
Hakimlər: TURAL QURBANOV, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
VAR hakimi: Cavid Cəlilov
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov
Qəbələ. Şəhər stadionu. Saat 17.00.
İlk oyun - 1:2.

İlk oyun “Zirə”nin üstünlüyü şəraitində keçmişdi. Hətta iki qolla rəqibi məğlub duruma salan “qartallar” cütün taleyini Bakıda həll edə bilərdi. Lakin “Qəbələ”nin 90-cı dəqiqədə vurduğu qol “qırmızı-qaralar” üçün “səhrada su” effekti verdi. Xatırladaq ki, həmin qolun müəllifi “qırmızı-qaralar”ın bir neçə gün öncə yola saldığı Feras Abu Akal idi. Bəli, bölgə təmsilçisi meydana ümid çırağını alovlandıran futbolçunun yoxluğunda çıxacaq. Bilindiyi kimi, Kaxaber Sxadadze görüşü “ilin oyunu” adlandırıb. Kollektivin durumunu nəzərə alsaq, bu, başadüşüləndi. Həm baş məşqçinin sətiraltı çağırışı, həm də matçın “doğma divarlar” arasında keçirilməsi “Qəbələ” tərəfdarlarını tribunalara toplaya bilər. Bu komandanın Misli premyer-liqasının 31-ci turunda “Qarabağ”la “sülh”ə razılaşdığını da (2:2) vurğulamalıyıq. Çünki autsayderin çempiondan xal alması psixoloji duruma təsirsiz ötüşməyəcək. Sadalananlar baxımından “Zirə”nin daha şanslı olduğunu iddia edə bilərik. Ona görə ki, Rəşad Sadıqovun kollektivi uğurlu mövsüm keçirir. Premyer-liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşan “qartallar” həm fiziki, həm də psixoloji cəhətdən döyüşə daha hazırdı. Xüsusilə ev-səfər qolu prinsipinin tarixə qovuşduğunu nəzərə alsaq, konkret favorit göstərmək çətinləşir. Yəni nə “Qəbələ”nin, nə də “Zirə”nin qələbəsi sensasiya sayılacaq. Axı “qırmızı-qaralar” kubok matçlarında sanki “qabıq dəyişir”.

Qarabağ – Neftçi
Cəzalı: Eddi İsrafilov (Neftçi).
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.00.
İlk oyun - 4:0.

İlk matç çox gözlənilməz hesabla bitdi. “Qarabağ”ın cütün taleyini həll etdiyini desək, yanılmarıq. Ən azı 4:0 hesabı belə danışmağa əsas verir. Belədə cavab oyununa marağın nə dərəcədə olacağı şübhə altındadı. Məşhur “bu futboldu, hər şey ola bilər” prinsipinə söykənmək üçün bir neçə səbəb var. “Köhlən atlar” premyer-liqada son iki turda qələbə qazana bilməyib. Çempionluğu erkən təmin edən komandada motivasiyasızlıq yaranıb, aqressivlik azalıb. Bu məqam rəqib üçün motivasiya mənbəyi ola bilərmi? Çox güman, yox. Matçın Ağdam təmsilçisinin meydanında keçirilməsi və kollektivin həlledici oyuna daha istəkli çıxması kimi məsələlər ön plana çıxsa, son sözü “Qarabağ” deyəcək. “Neftçi” isə... Son çempionat oyununda “Zirə”nin meydanından başıaşağı ayrılan (1:3) bakılılar möcüzə uğrunda savaşmalıdı. Miodraq Bojoviç və komandası hadisələrin axarını dəyişə biləcəkmi? Azarkeşlərin boykot qərarının davam etdiyini də nəzərə alsaq, qələbə “ağ-qaralar”a çox lazımdı.

KƏNAN BAHADIR

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla