AZ

Hesabat dövründə fəaliyyəti olmayan sahibkar vergi hesabatı təqdim etməlidirmi?

Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb olunmayan) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bəs qanunvericiliyin bu tələbi hesabat dövründə fəaliyyəti olmayan vergi ödəyicilərinə də şamil edilirmi? Bununla bağlı “vergiler.az”ın sualına “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir:

01.01.2023-cü il tarixinə qədər vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış, yəni boş hesabat təqdim etməli idi. Vergi Məcəlləsində edilmiş dəyişiklikdən sonra həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, 01.01.2023-cü il tarixdən etibarən yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur.

Maddədən göründüyü kimi, fəaliyyəti olmayan vergi ödəyicisi artıq arayış hesabatı təqdim etməyə bilər və bununla bağlı heç bir maliyyə sanksiyası ilə üzləşməyəcək.

Misal 1: Fərdi sahibkar 2024-cü ilin birinci rübünün yanvar ayında fəaliyyəti olub, digər 2 ayda isə (fevral, mart) fəaliyyət göstərməyib. Bu hald,a vergi ödəyicisi yanvar ayında fəaliyyəti olduğu üçün hesabatı təqdim edəcək.

Misal 2: Fərdi sahibkarın 2024-cü ilin ikinci rübündə heç bir fəaliyyəti olmayıb. Belə olan halda, vergi ödəyicisi hesabat təqdim etməyəcək və heç bir maliyyə sanksiyasına məruz qalmayacaq.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla