AZ

Kliniki Tibbi Mərkəzdə seminar: “Qan qazları testinin aparılması və nəticələrin interpretasiyası” 

TƏBİB-in Davamlı Tibbi Təhsil və Tibbi Təlimlər şöbəsinin təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzdə seminar keçirilib.
 
Kliniki Tibbi Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, seminar Bakı və ətraf regionlardan həkim və orta tibb personalı üçün “Qan qazları testinin aparılması və nəticələrin interpretasiyası” üzrə praktiki qaydada təşkil edilib.
 
Seminarın keçirilməsində əsas məqsəd tibb müəssisələrinin stasionar bölmələrində çalışan tibb işçiləri üçün arterial, venoz və kapilyar qan alınma texnikası, alınan qanların qaz analizatorla işlənilməsi və nəticələrin təhlili haqqında məlumatları təqdim edərək praktiki vərdişləri artırmaqdır.
 
Tədbirdə Siemens Healthineers şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan Ameco MMC-nin koordinatoru həkim Səbinə Qafarova tərəfindən iştirakçılara “Qanalınma texnikasının nəticələrə təsiri”, KTM-in Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanova “Arterial qanın qaz analizator vasitəsilə əldə edilən nəticələrinin təhlili”, uzman torakal cərrah Fəhmin Əmirov isə “Elektrolitlərin disbalansı” haqqında məruzələrlə çıxış ediblər.
 
Seminarın praktiki hissəsində KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri, Acil tibb uzmanı Tural Əliyev “Müxtəlif xəstəliklər zamanı qan qazları və elektrolitlərin disbalansı” haqqında geniş məlumat verib. Təlimin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.
 
Qeyd edək ki, təlimlər Kliniki Tibbi Mərkəzin Təlim Mərkəzində aprelin 26-dək davam edəcək.
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla