AZ

“Azərreyl”in növbəti mövsümlə bağlı PLANI

“Çox qürurverici hisslər keçirirəm”.

Bunu İdman.bizə “Azərreyl” klubunun prezidenti Orxan Kərimov deyib.

O bildirib ki, 2023/2024 mövsümündə hər iki komandası çempion olduğu üçün sevinclidir: “Azərbaycanda son 10 ildə ilk dəfə bir klub həm kişilərdə, həm də qadınların mübarizəsində çempion olub. Bu böyük bir uğurdur. Əlbəttə ki, “Azərreyl”in qadın komandası canlı əfsanəmizdir. Tarix boyunca bu komanda çox böyük uğurlara imza atıb. Lakin kişilərdən ibarət “Azərreyl” isə ilk dəfədir ki, qızıl medal qazandı. Matç çox gərgin keçdi. İlk seti biz alsaq da, ikinci hissədə rəqib hesabı bərabərləşdirdi. “Abşeron”un çox gözəl heyəti var. Çox yaxşı legioner və yerli oyunçulara malikdir. Daim çempionatda da baxımlı voleybol sərgiləyirlər. Onlara qarşı oynamaq bizim üçün qürurvericidir. 2023/2024 mövsümünün açılış matçında da “Azərreyl” - “Abşeron” qarşılaşması olmuşdu və görüş 3:2 hesabı ilə rəqibin xeyrinə bitmişdi. Bu gün bizim üçün revanş oyunu idi. Biz də eyni hesabla rəqib üzərində qələbə qazanmağı bacardıq. Bu gün xeyli sayda insan oyunu izləyirdi. Bunun özü də çox möhtəşəmdir”.

Kərimov komandasının gələcək planlarını da açıqlayıb: “Bu final oyununu gözləyirdik. Artıq bundan sonra komandanı qurmağa başlayacağıq. Yenidən heyət yaratmayacağıq, köhnə oyunçularımız da bizimlə davam edəcək. Lakin bəzi əlavə voleybolçular gətirib, müəyyən dəyişikliklər edəcəyik. Hazırda bu barədə tam qəti qərar verməmişik. Müəyyən danışıqlar aparıb, qısa zamanda qərarımızı açıqlayacağıq”.

Qeyd edək ki, “Azərreyl” Azərbaycan çempionatının finalında “Abşeron”a 3:1 hesabı ilə qalib gələrək titulunu qoruyub.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla