AZ

Finala doğru: "Tofiq Bəhramov"da formal oyun, Qəbələdə revanş arzusu

Bu gün Azərbaycan Kubokunda finalçılar bəlli olacaq.

Yarımfinalın ilk oyunlarından sonra “Zirə” və “Qarabağ” həlledici matça daha yaxınır. “Zirə” səfərdə “Qəbələ”nin qonağı olacaq, “Qarabağ” isə “Neftçi”ni sınağa çəkəcək.

17:00 Qəbələ - Zirə
İlk oyun 1:2

Azərbaycan Premyer Liqasında son turda “Neftçi”ni məğlub edərək ikinci sıraya yüksələn “Zirə” kubokda da final arzulayır. Son turlarda uğurlu nəticələrlə yadda qalan Rəşad Sadıqovun komandası altı oyundur məğlub olmur. İlk matçda minimal üstünlük yaxalayan “qartallar” cavab görüşündə erkən qol vurub, rəqibin müqavimətini qırmağa çalışacaq. Komandalar iki həftə əvvəl Zirədə çempionat matçında üz-üzə gəlmiş və “qartallar” böyük hesablı qələbəyə sevinmişdi – 4:0.

“Qəbələ”də islər işlər qaydasında deyil. Premyer Liqada sonuncu sırada qərarlaşan komandanın mövsümü bu pillədə bitirəcəyi demək olar, dəqiqdir. Sadəcə son dönəmlərdə çempionatda komanda sayının artması daha çox müzakirə olunur və “Qəbələ”nin elitada qalmaq şansı böyükdür.

Kubokun son qalibi bu mövsüm APL-dəki çıxışı ilə bütün tənqidləri üzərinə çəkib. “Qırmızı-qaralar”da yeganə müsbət məqam son turda çempion “Qarabağ”la heç-heçə etmək oldu. İndi komanda daha motivasiyalıdır. Avrokuboklar üçün tək yolu kuboku qazanmaq olan “Qəbələ” azarkeşləri önündə “Zirə”ni büdrədə bilər. Komandalar arasındakı son oyunda “qırmızı-qaralar” böyük hesabla məğlub olub və Sxadadze revanş niyyətindədir.

20:00 Qarabağ – Neftçi
İlk oyun 4:0

Çempionatda qızıl medalları təmin edən “Qarabağ” mövsümü iki titulla başa vurmaq niyyətindədir. Yarımfinalın ilk görüşündə səfərdə “Neftçi”ni 4 cavabsız qolla məğlub edən “atlılar”ın cavab oyununda beş fərqlə məğlub olacağı demək olar, mümkünsüzdür. “Qarabağ” son turlarda çempionatda xal itkiləri ilə üzləşir və Qurban Qurbanovun komandası bugünkü matça mütləq qələbə üçün çıxacaq.

“Neftçi” isə demək olar, əlini kubokdan üzüb. Turnir cədvəlində ikinciliyi hədəfləyən “ağ-qaralar” bu sıradan da kənardadır. Dördüncü sırada qərarlaşan Miodraq Bojoviçin komandasının bütün diqqəti APL-dədir. Mütəxəssis qarşıya qoyulan iki hədəfdən (çempionatda gümüş medal qazanmaq, kubokda qalib olmaq) birindən artıq uzaqlaşıb. Kubokda şansı sıfıra bərabər olan “Neftçi” 0:4-ün revanşında növbəti dəfə uduzmamağa çalışacaq.

Şahin Cəfərov
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla