AZ

Xavi “Barselona”da daha bir antirekorda imza atdı

La Liqanın 32-ci turunda “el klasiko”da “Real”a 2:3 hesablı məğlubiyyət “blauqrana”nın baş məşqçisi Xavi üçün xoşagəlməz tarixçə açıb.

Arena.az məlumat verir ki, o, “Barselona” tarixində “Real”a ardıcıl 4 “el klasiko”da məğlub olmuş 2-ci mütəxəssis kimi, xoşagəlməz bir tarixçə ilə Kataloniya nəhənginin salnaməsinə düşüb.

Xavi İspaniya Kral Kubokunun 2022/2023-cü il mövsümünün yarımfinal mərhələsinin cavab oyununda “Real”a “Kamp Nou”da 0:4 hesabı ilə məğlub olmaqla, xoşagəlməz silsiləsinə başlayıb. Ardınca 2024-cü il İspaniya Super Kubokunun finalında “Real” “blauqrana” üzərində 4:1 hesablı parlaq qələbə qazanıb. İspan mütəxəssisin daha 2 məğlubiyyəti isə cari mövsüm İspaniya La Liqası çərçivəsində keçirilmiş oyunlara təsadüf edir: evdə – 1:2 və səfərdə son oyun – 2:3.

Vurğulayaq ki, La Liqa çərçivəsində keçirilmiş hər iki oyunda “Real” əzmkar qələbə qazanıb. “Qaymaqlılar” hər iki oyunda qələbə qolunu əsas vaxta əlavə edilmiş təzminat müddətində “blauqrana”nın qapısından keçiriblər. “Real”ın ingils mərkəz yarımmüdafiəçisi Cud Bellingemi isə Xavinin cəlladı hesab etmək olar. Belə ki, La Liqa çərçivəsində keçirilmiş oyunlarda son dəqiqələrdə vurulmuş qələbə qollarının müəllifi məhz Bellingem olub.

Buna qədər müvafiq uğursuzluğu 80 il əvvəl “Barselona”nın baş məşqçisi, irland mütəxəssis Patrik O’Konnell yaşamışdı. 1935-1940-cı illərdə “blauqrana”nı çalışdırmış O’Konnell ardıcıl 4 “el-klasiko”da “Real”a məğlub olmuşdu.

Ümumilikdə Xavi “Real”a qarşı 10 oyun keçirib, 4 qələbə qazanıb, 6 dəfə məğlubiyyət acısı dadıb.

Xatırladaq ki, Xavi mövsümün bitməsilə “Barsleona”nın baş məşqçisi vəzifəsini tərk edəcəyini açıqlayıb. İspan mütəxəssis qərarının dəyişməyəcəyini dəfələrlə vurğulayıb. Əgər qalası olsa, “Real”la növbəti “el-klasiko”da məğlubiyyət Xavini “Kral klubuna” qarşı “Barselona”nın ən uğursuz məçqçisi olaraq tarixə yaza bilər.

Hazırda, “Real” 32 turdan sonra 81 xalla La Liqanın yarış cədvəlinə başçılıq edir. “Barselona” isə 70 xalla 2-ci pillədə qərarlaşıb.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla