AZ

Premyer Liqa komandasının başına gələn ACI İLK - Dəyişməli və düzəlməli olan çox şey var

Adamın yuxusuna da girməzdi ki, “Sumqayıt” Tovuzda yerli komandanın qapısına 4 top vurub vacib 3 xalı bayram edər.

Oyun Sumqayıtda olsaydı, hə. Amma Tovuzda əsla!

Bu, Premyer Liqadakı “Turan Tovuz”un 2022-nin avqustundan bu yana doğma meydanda keçirdiyi 34-cü ev oyunu idi.

İndiyə qədər “Neftçi”, “Qarabağ”, “Sabah” kimi güclü rəqiblər bölgəyə o qədər səfər edib ki. Lakin heç biri tovuzluların qapısından 4 top keçirə bilməmişdi. Bu acını yerli komandaya və Ayxan Abbasova “Sumqayıt” yaşatdı.

Biri var parlaq oyunla qazanılan qələbə, biri də var ağıllı oyunla əldə olunan qalibiyyət. Samir Abasov ikinci yolu seçmişdi ki, planı həyata keçdi.

“Turan”ın yarımmüdafiə xəttinin mərkəzindəki itkilər - Xəyal Nəcəfov, Fərid Yusifli, Veysəl Rzayev, Eltun Turabovun olmaması, müdafiənin dirəyi Rojerik Millerin də sıradan çıxması Abbasovu rotasiyalara əl atmağa məcbur etmişdi. Heyət dağınıq idi, görməyə alışdığımız deyildi.

“Sumqayıt”ın çalışdırıcısı işini ehtiyatlı tutmuşdu. Rəqibin hücum xəttində Otto-Aleks-Paçu üçlüyünün zərərsizləşdirmək üçün müdafiədə sıxlıq yaratmış, mərkəz yarımmüdafiəçilərinə onlara yaxın oynamağı tapşırmışdı.

Əsas hədəf “Turan”ın hücumçularını “bağlamaqla” ən pis halda məğlub olmamaq idi. Əks-hücum taktikası isə “kimyaçılar”ın visit vərəqəsidir. İnsaf naminə bir çox hallarda işə yaradığını deməliyik. Mexanizm bu dəfə də öz işini gördü.

Oyunun taleyini ilk 2 qoll həll etdi. Müdafiəçilərin mövqe səhvləri ilə etdikləri diqqətsizlik “Sumqayıt” üçün bayrama çevrildi.

Matçın qırılma nöqtəsi 1:2-də Otto Conun iki əlverişli imkanı qaçırması idi. Hesab bərabərləşsəydi, bəlkə də qələbəyə meydan sahibləri sevinəcəkdi. Sona yaxın vurulan daha 2 qol zamanı “qatar getmişdi”.

Avrokubok təcrübəsi olan və meydanda daha az səhv edən “Sumqayıt”la müqayisədə “Turan”da dəyişməli və düzəlməli olan çox şey var.

Ayxan Abbasov yaşananların fərqindədir. Bu cür oyunlar futbolçulara təcrübə qazandırdığı kimi, Abbasova nələrdənsə dərs çıxarmağı öyrədir.

Qısası, layiq olan qalib gəldi. Bu cür oyunların sayının çox olması diləyi ilə…

HƏBİB

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla