AZ

Baş məşqçi: "Qol vurmaqda problemlərimiz var"

Əvəzedicilər Liqasında çempionat sona yaxınlaşmaqdadır. XXXI turda "Qarabağ"ın əvəzedicilərdən ibarət komandası "Qəbələ"nin müvafiq kollektivi ilə qarşılaşıb. Matç bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" 45 xalla 5-ci, "Qəbələ" isə 72 xalla 2-cidir.

"Atlıların" baş məşqçisi Cavad Mirzəbəyli "FutbolPress"ə açıqlamasında oyun haqda fikirlərini bildirdi:

"Son turda çempionluq uğrunda mübarizə aparan komanda ilə qarşılaşırdıq. Rəqibin heyəti yaxşı futbolçulardan təşkil olunub. 8-ci dəqiqədə azlıqda qaldıq. Planlarımız bununla da pozuldu. 10 nəfərlə qalmağımıza baxmayaraq hesabı bərabərləşdirdik. Əfsuslar olsun ki, son dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. Tam heyətlə oynasaydıq, bir xal qazana bilərdik. Qarşıdakı turlarda maksimum çalışacağıq ki, oyunumuzu yaxşılaşdırıb, yüksək nəticə qazanaq. Bacardığımız qədər üst pillələrdə qərarlaşmaq istəyirik".

Mütəxəssis təcrübə çatışmazlığından dolayı bəzi oyunlarda xal qazana bilmədiklərini dedi:

"Komandamın oyunundan narazı deyiləm. Sadəcə futbolçuların keyfiyyəti və təcrübəsi daha çox olsaydı, fərqli nəticə əldə edə bilərdik. Bəzi oyunlar var idi ki, orada məğlub olmağa layiq deyildik, lakin çatışmazlıqlar meydanı xalsız tərk etməyə məcbur etdi. Qol vurmaqda problemlərimiz var. Bu da normaldır. Cavan futbolçulardır, üzərlərində işləmək lazımdır. İstəyimiz əsas komandaya futbolçu verməkdir. 1-2 nəfər olsa belə, əsas işimiz və düşüncəmiz bu olmalıdır. Bu yoldan davam etsək, uğur qazanmaq olar. Oyun baxımından zəif deyilik. Sadəcə təcrübə çatışmazlığı qeyd etdiyim kimi, bəzən xal qazanmağımıza mane oldu. Geridə qalan turları nəzərə alsaq, deyə bilərəm ki, komandamın çıxışı qənaətbəxşdir".

Məlik Məlikov
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla