AZ

"Sponsor yoxdur, sırf AFFA-nın ayırdığı pulla dolanırıq" - MÜSAHİBƏ

Birinci Liqanın autsayderi “Araz Saatlı”nın baş məşqçisi Rüfət Quliyev Sportinfo.az-a müsahibə verib.

O, bölgə klubunun hazırkı durumu, gələcək planları barədə danışıb.

- Sona 5 tur qalmış komanda ən yaxın izləyicisindən 7 xal geri qalmaqla sonuncu pillədə qərar tutur. Birinci Liqada qalmağa ümidlərin bitdiyini demək olar?

- Hazırkı vəziyyətimiz xoşagəlməzdir. Biz də çalışırıq ki, əlimizdə olan vəsaitlə, futbolçularla Saatlıda futbolun inkişafına dəstək olaq. Bu yolda məğlubiyyətlər aldıq. Çətinliklərimiz çoxdur. Futbolda belə şeylər olur. Biz əlimizdən gələni etməkdəyik. Sona kimi mübarizə aparacağıq.

- Deməli, möcüzəyə ümid edirsiz...

- İstəyir 5 oyun, istəyir 1 oyun qalsın, biz meydana çıxıb vuruşacağıq. Qışda bir qədər güclənməyə çalışdıq. Bu da çətinliklərlə mümkün oldu. Çünki mövsümün ortasında yaxşı futbolçu tapmaq da çətindir. Futbolçular adətən yayda 1 illik müqavilələr imzalayır. Qış fasiləsində azad status daşıyan normal oyunçu da yaxşı şəraiti, iddialı komandaları seçir. Bizim sponsor yoxdur. Sırf AFFA-nın ayırdığı vəsaitlə dolanırıq. Komandada çətinlik çoxdur. Şəraitdən asılı olmayaraq nəsə etməyə cəhd edirik.

- Qarşıdan "Karvan"la oyun gəlir. Nəyə ümid edirsiniz?

- Birinci Liqanın təcrübəli komandasıdır. Yaxşı baş məşqçiləri var. Son oyunda onlara qarşı yaxşı oyun keçirmişdik. Təəssüf ki, sona yaxın buraxılan qolla məyus olmuşduq. Ümid edirəm ki, evdə onlara qarşı gözəl oyunla yadda qalacağıq. Uduzmaq istəmirik. Məğlubiyyətlərin limiti bitib artıq.

- Liqada qalmaq uğurunda əsas rəqibiniz "Difai"dir. Bu gün sonuncu pillədə olmağınıza əsas səbəb kimi məhz "Difai"nin qışdan sonrakı parlaq çıxışını qeyd edə bilərik?

- Bəli, qış fasiləsində "Difai" yaxşı transferlər edə bildi. Bundan başqa bildiyim qədərilə komandanın infrastrukturunda da dəyişiklər oldu. Bunlar hamısı müsbət addımlar, inkişafa aparan yollardır. Bizimlə son iki oyunda qalib gəldilər. Və üst-üstə 8 qol vura bildilər. Digər oyunlarına da baxmışam. Yaxşı oyunlar keçirib qələbələr qazandılar. Yaxşı komanda formalaşdıra biliblər. Əsas rəqibimiz olsalar belə, onları təbrik edirəm. Gələcəkdə də uğurlar arzu edirəm.

- Mövsümün gedişində təyinatınız baş tutdu. Yayda komandanın başına keçsəydiz, bu büdcə ilə daha yaxşı kollektiv formalaşdıra bilərdiniz?

- Yaxşı komanda qurmaq, iddialı heyət formalaşdırmaq üçün büdcə mütləqdir. Kənardan dəstək olmalıdır. AFFA ayda 30 min manat pul ayırır. Onun da müəyyən faizi vergiyə tutulur. Yerdə qalan məbləğlə heç futbolçuların qidalanmasını, qalmağa yerini, səfərlər xərclərini, maaşlarını çatdırmaq olmur. Başqa klublarda əlavə dəstək var. Kimisi formaya, kimisi qidalanmaya, kimisi də səfər xərclərinə dəstək alır. Bizdə o da yoxdur. Klub rəhbərliyi çox istəklidir. Əllərindən gələni edirlər. Amma çox çətindir. Buna baxmayaraq yerli uşaqları da da unutmuruq.

- Məsələn…

- 14 yaşlı Ülvi Əvəzovu komandaya cəlb etmişik. Birinci Liqada bu yaşda futbolçu yoxdur. Ona iki oyunda şans da vermişik. Başqa 5 yerli uşaq bizimlədir. İnkişaflarına dəstək olmaq istəyirik.

- Maraqlıdır, yerli iş adamları niyə komandadan bu qədər uzaqdır?

- Cəhdlər olunur, amma kifayət deyil. 1-2 dəfə nəsə etməklə olmur. Stabilllik yoxdur.

- Mövsümün sonunda müqaviləniz başa çatır. Karyeranızla bağlı nə düşünürsüz?

- Rəhbərliyin bizim işimizdən narazılığı yoxdur. Yəqin ki, mövsümün sonuna danışıqlar olacaq. Lazım bilsələr, kömək etməyə davam edəcəm. Yox, ehtiyac görməsələr, təbii ki, yollarımız ayrılacaq. Amma bu barədə söhbətimiz hələ olmayıb. Düzdür, komanda sonuncu pillədə gedir, ancaq işə münasibətimizdən narazılıq yoxdur.

XANOĞLAN İMANOV

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla