AZ

Şahin Bağırov: “Azərbaycanda voleybolun ənənəsi böyükdür"

Bu gün voleybol üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan çempionatlarının bağlanış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili iştirak edib.

Hüseynzadə bildirib ki, bu gün idman bayramı yaşanıb: “Qələbə münasibətilə “Azərreyl”i təbrik edirəm. Bu gün və dünən meydanda olan mübarizə bir daha onu sübut etdi ki, Azərbaycanda voleybol idman növü populyardır”.

Daha sonra Bağırov kişi və qadın voleybolçular arasında finalların gərgin alındığını deyib: “Azərbaycanda voleybolun ənənəsi böyükdür. Dünyanın müxtəlif arenalarında komandalarımız bayrağımızı yüksəklərə qaldırıb. Cənab Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, idmana xüsusi diqqət və qayğı göstərir. Ölkədə idman siyasətinə göstərilən diqqət federasiyamızın da başlıca vəzifəsidir. Bütün voleybol sahəsində olan insanları təbrik edirəm. Çünki birgə səyin nəticəsində Yüksək Liqada möhtəşəm oyunlar baş tutdu. Azarkeş dəstəyi olmadan nəticə olmaz. Bu səbəbdən azarkeşlərimizə minnətdarlığımızı bildirirəm. Voleybol çox maraqlı və həyəcanverici bir idman növüdür. Əsas amalımız Azərbaycanın müxtəlif regionlarında voleybolun davamçılarını yetişdirməkdir. İnanırıq ki, həmin uşaqlarımız bu idman növünün inkişafında xüsusi töhfə verəcəklər. Voleybol Federasiyası adından Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə göstərdikləri dəstək üçün təşəkkür edirik”.

Qeyd edək ki, “Azərreyl” həm kişilərin, həm də qadınların ölkə çempionatında qızıl medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
80
4
Mənbələr
Şərh ()
Bağla