AZ

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Fırat

İstanbul, 23 aprel, Günel Karatepe, AZƏRTAC

Əgər maddi dünya məlumat almaq üçün sadəcə oxumamız və müşahidə etməyimiz gərəkən böyük bir kitab kimidirsə, Aida Mahmudova bu fikri tam qəlbi ilə mənimsəyir və həyata keçirir. Onun işləri bu qeyri-adi kitabdakı fəsillər kimi, hər bir xətt və təbəqədə kəşf edilərək yeni tərəflər nümayiş etdirir.

Tanınmış azərbaycanlı rəssam, “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudovanın İstanbulda açılan fərdi sərgisi ilə bağlı bu fikirləri AZƏRTAC-a müsahibəsində sərginin kuratoru, sənət tarixçisi və sənətşünas Fırat Arapoğlu söyləyib.

O deyib: “Aida Mahmudovanın Gürcüstanda təşkil olunan sərgisi ilə bağlı məqaləmi “Cənnət gözləyə bilər” sərlövhəsi ilə yayımlamışdım. Rəssamın işləri ilə yaxından tanışam. Onun o, obrazlı, mücərrəd və ya yarımmücərrəd əsərləri ilə yaranış, həyat, ölüm kimi bir növü həyatın və təbiətin ahəngini yaratdığını düşünürəm. Digər tərəfdən də Aida Mahmudovanın xüsusilə, bəzən mövzudan əlavə istifadə etdiyi materiallarla yaratdığı özünəməxsus əlaqə olduqca diqqətçəkicidir. Bu sərgidə də biz bunu yaxından izləyə bilirik. Aidə Mahmudova tək bir material və ya üslubla qane olan sənətçi deyil. Sadəcə heykəlləri, rəsmləri və yaratdığı əsərləri deyil, eyni zamanda bir rəsmin içində istifadə etdiyi saysız material, dəyərli daşlar, boya təbəqələri, ləvazimatlar var. Bəzən kətanı müxtəlif formalara salaraq ondan bir heykəl yaratması bunun ən gözəl nümunəsidir. Mən bunu materialda inqilab yaratmaq kimi qiymətləndirirəm”.

Sənətkarın materialların fərqli istifadəsi ilə yaratdığı əsərlərlə bizlərə yaxşı-pis, gözəl-kifir, doğru-səhv kimi zidlikləri hiss etdirdiyini deyən müsahibim bildirib: “Mən buna cənnət və cəhənnəmi də əlavə edə bilərəm. Digər tərəfdən isə bu əsərlər insan və təbiətin qarşılıqlı mübarizəsini, bəzən isə hər ikisinin kövrəkliyini ifadə edir. İstanbuldaki bu sərgi “Bir arzu gerçəkləşir“ mövzusu ilə açılıb. Çünki rəssamın əsərləri dərinliklərdə həqiqətən də bir arzunu tərənnüm edir. Rəssamın sərgidə yer alan ən böyük əsərinə baxdıqda xüsusilə intibah dövründəki rəsmlərdə istifadə olunan rəngləri görürəm. Əsərin məni özünə cəlb edən ən incə məqamı isə istifadə edilən alovabənzər rəngləridir. Fikrimcə Aida Mahmudovanın ən böyük uğurlarından biri də qeyd etdiyim bu bəşəri zidiyyətləri əsərləri ilə təsvir edə bilməsi, sənətsevərə bunu göstərə bilməsidir”.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla