AZ

Aslan Kərimov: “Neftçi” özünü sübut etməyə çalışacaq”

“Həm “Qəbələ”, həm “Zirə” son oyunlarda yaxşı performans nümayiş etdirirlər”.

Bunu İdman.bizə veteran futbolçu Aslan Kərimov deyib.

51 yaşlı mütəxəssis sabah keçiriləcək Azərbaycan kubokunda yarımfinalın cavab görüşlərini şərh edib. O bildirib ki, “Qəbələ” - “Zirə” qarşılaşmasında şanslar bərabərdir: “Qonaqlar bundan əvvəl də yaxşı oyun nümayiş etdirirdi. Sadəcə, bəzi oyunlarda büdrəyib xallar itirmişdi. Amma son qarşılaşmalarda xallar qazanırlar. “Qəbələ”də də məşqçi dəyişikliyindən sonra Kaxaber Tsxadadzenin oyun üslubu hiss olurur. İlk matçlarda onlar yaxşı təsir bağışlasalar da, xal qazana bilmirdilər. “Qarabağ”la oyunda bunu ən yaxşı tərəfdən göstərdilər. Hesab edirəm ki, çempionatdakı oyunlar kubokdan çox fərqlənir. Burda 2 oyunun nəticəsi hər şeyi həll edir. Bu baxımdan “Qəbələ” ilə “Zirə”nin oyunu çox gərgin keçəcək. Çünki cəmi 1 top fərqi var. “Qəbələ” çempionatda keçirilən uğursuz oyunları unutdurmağa çalışacaq. Ona görə də bütün güclərini bu oyunda qoyacaqlar. Rəqibi evdə qəbul edirlər. 1:2 hesablı məğlubiyyət böyük fərq deyil. “Zirə” də çempionatda uğurlu çıxışa baxmayaraq, finala çıxmaq istəyir. Kuboku qazanmağa çox istəklidirlər”.

Kərimov “Qarabağ” - “Neftçi” matçında sürpriz gözləmir: “Qonaqların ilk matçda olan 4:0 hesablı qələbənin revanşını alacağına inanmıram. “Neftçi”nin 4 cavabsız qol vurub, oyunu əlavə vaxta aparacağı real görünmür. “Qarabağ” son matçlarda qələbə qazana bilməsə də, inanmıram ki, rəqibə bu imkan versin. Ona görə də oyunun taleyi ilk matçda həll olunub. Sadəcə, “Neftçi” özünü sübut etməyə çalışacaq. “Qarabağ” isə ola bilsin ki, yenə eksperiment eləsin və gənclərə şans versin. Hesabı demək çox çətindir. “Qarabağ”ın qalib gələcəyini düşünsəm də, heç-heçə də ola bilər. Amma yekunda yenə mərhələni keçən “Qarabağ” olacaq”.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” matçı saat 17:00, “Qarabağ” – “Neftçi” qarşılaşması isə saat 20:00-da start götürəcək.

Emin Ağa
İdman.biz

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla