AZ

Erməni lobbisinin sanksiya planı: Taytus və dəstəsinin əsas hədəfi nədir?

Dünən “ABŞ Konqresindəki mənbələrə” istinadən məlumat yayıldı ki, Dina Titus (Taytus) başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. “Bu qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan" 40-dan çox Azərbaycan məmuruna - hərbçilərə, hakimlərə, müstəntiqlərə və yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur”-deyə bildirilirdi.

Xəbərə görə, qanun layihəsinin qəbul edilməsi "Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqla" izah olunur. “Qanun layihəsində həmçinin erməni əsirlərin hüquqlarının pozulduğu deyilir. Bu, Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur", - deyə bildirilir.

Bu ton, xəbərin belə əsaslandırma ilə təqdimatı dünən və bu gün bir çox paylaşımlarda təkrarlanır. Halbuki sənəd insan haqları mövzusundan uzaqdır, sırf Qarabağ savaşına görə Azərbaycanı cəzalandırmaq məqsədilə hazırlanıb.

Nəyə əsasən bu qənaətə gəlirik?

Əvvələn, “Azərbaycanda Sanksiyalara Baxış Aktı" adlandırılan sənəd barədə ilk dəfə ötən həftə Konqresdə Amerika Erməni Milli Assambleyasının (ANCA) dəstəyilə keçirilmiş "erməni soyqırımının" anım mərasimində məlumat verilib. Sənədin müəllifi Taytus və onun başçılıq etdiyi qanunvericilər qrupudur. 1950-ci il təvəllüdlü Taytus ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvüdür. Anası etnik yunandır, özü də yunan kilsəsinin məsubudur. Türkofob, anti-Azərbaycan baxışları ilə tanınır. O, hələ II Qarabağ savaşının gedişində- 2020-ci il oktyabrın 1-də dövlət katibi Mayk Pompeoya Azərbaycanın “Dağlıq Qarabağ anklavına qarşı hücum əməliyyatlarını” pisləyən məktub yazması ilə yadda qalmışdı.

İkincisi, Yeni hazırlanmış sənəd layihəsində də 2-ci Qarabağ Müharibəsində döyüşlərdə iştirak edən hərbçilər və güc qurumlarının rəhbərləri hədəfə alınır.

Beləliklə, xəbər servis edilərkən Azərbaycan ictimaiyyətinə iki yanıldıcı istiqamət verilib:

Birinci yalan: Erməni lobbisinin təşkil etdiyi tədbirdə elan olunmuş sənəd layihəsi haqda xəbər Konqresdəki mənbələrə istinadən əldə edilmiş eksklüziv məlumat elan edilib, məqsəd sənədin erməni lobbisi tərəfindən hazırlandığını gizlətməkdir. \

İkinci yalan: Qarabağ savaşındakı qələbəyə görə cəza təşəbbüsü “Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqdan" irəli gəldiyi iddia edilib.

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və işğal altındakı 4 kəndimizin qaytarılması barədə razılaşma əldə edilir, rus sülhməramlılarının Azərbaycanı tərk etməsi haqda məlumat verilir. Hər iki xəbər Qərb qurumları tərəfindən təqdirlə qarşılanır. Və bu zaman bəlli olur ki, erməni lobbisinin təhriki ilə sülh prosesini pozmağa yönəlmiş addım atılıb- Konqresə təqdim olunan sənəddə “Azərbaycan hökumətinin erməni əsrilərlə davranışı” pislənir, “ədalətli və möhkəm sülh danışıqları aparmaq qabiliyyəti” ciddi sual altına alınır. Başqa sözlə, məhz sülh prosesi hədəfə alınıb.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla