AZ

GVF prezidenti: “Biz iki dövlət olaraq voleybolda bir sıra əməkdaşlıqlar həyata keçirəcəyik”

“Memorandumdan ilhamlanaraq Azərbaycan və Gürcüstanın voleybol federasiyasını əhatə edəcək işçi qrupu yaradılacaq”.

Bunu İdman.bizə Bakıda səfərdə olan Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti Georgi Kartvelişvili deyib.

O, bu gün Azərbaycan Voleybol Federasiyası ilə imzaladıqları memoranduma aydınlıq gətirib. GVF prezidenti bildirib ki, bu işçi qrupları öz istiqamətləri üzrə fəaliyyət göstərəcəklər: “Biz iki dövlət olaraq tək klassik voleybol üzrə deyil, həmçinin çimərlik voleybolunda da bir sıra əməkdaşlıqlar həyata keçirəcəyik. Birgə səy nəticəsində hər iki növ üzrə müxtəlif yarışlar təşkil edəcəyik. Memorandumdan irəli gələn məsələlərdən dolayı, çimərlik voleybolunda olan bəzi məsələlər də öz həllini tapacaq. İnkişaf istiqamətində də bir çox işlərə imza atacağıq. Yaxın gələcəkdə işçi qrupu fəaliyyətə başlayacaq”.

Kartvelişvili bir gün öncə kişi voleybolçular arasında Azərbaycan çempionatının finalında “Azərreyl” - “Murov Az Terminal” (3:2) oyununun çox maraqlı keçdiyini deyib: “Dünən əsl finala layiq bir qarşılaşma baş tutdu. Bizi bu yarışa dəvət etdikləri üçün Azərbaycan Voleybol Federasiyasına təşəkkürlərimi bildirirəm. Çempionatın təşkili, ümumilikdə zaldakı bu qədər insanın çoxluğu bir daha sübut edir ki, voleybol Azərbaycanda çox populyar bir idman növüdür. Gələcəkdə düşünürəm ki, belə yarışlar çox olacaq və bizdə gəlib iştirak edəcəyik”.

O, qadınlar arasında keçirilən Azərbaycan çempionatının final görüşündə “Azərreyl” - “Abşeron” qarşılaşmasında dəstəklədiyi klubun adını da açıqlayıb: “Bu gün “Abşeron” komandasına azarkeşlik edirik. Çünki burada milli komandamızın üzvü Məryəm oynayır. Ona görə də onları dəstəkləyirik. Ümid edirəm ki, dünənki, kimi maraqlı oyuna şahid olacağıq”. .

Qeyd edək ki, hazırda davam edən final görüşündə “Abşeron” ilk seti uduzub.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla