AZ

Simone İnzaqi: “İnter” çempionluğu hələ martda qazanmışdı”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 2023/2024 mövsümündə qazanılmış erkən qalibiyyəti şərh edib.

Arena.az məlumat verir ki, “neradzurri” 20-ci çempionluğunu İtaliya A Seriyasının 33-cü turu çərçivəsində əzəli rəqibi “Milan” üzərində 2:1 hesablı səfər qələbəsi ilə rəsmiləşdirib.

“Inter Xtra” dərgisinə istinadən, Simone İnzaqinin müvafiq xüsusda fikirlərini təqdim edirik:

“Biz skudettonu hələ mart ayında qazanmışdıq. Bu gün bu, riyazi olaraq təsdiqləndi. Mən çox, çox şadam.

Bu, heyrətamiz hissdir. Bu mövsüm ərzində çoxlu qəhrəmanlarımız olub və fikirlərim oyunçulara, klub prezidentinə və ailəmə yönəlib. Dəfələrlə işi evə apardım, amma başqa cür edə də bilməzdim”, deyə italyan mütəxəssis bu tarixi uğuruna nail olmasında əməyi keçənlərə minnətdar olduğunu başa düşməyə əsas verib.

“Gözəl axşamdır. Məni xüsusilə sevindirən azarkeşlərin həvəsidir. Üç il ərzində altı kubok və Çempionlar Liqasının finalı – hər şeyin belə olacağını təsəvvür etmək çətin idi. Biz oyunçulara layiq olduqları qiyməti verməliyik. Xüsusilə yaddaqalan şey derbidə bunu etməyimizdir, amma ciddi psixoloji təzyiq altında oynayan, sona qədər mübarizə aparan “Milan”a dəyər verməliyik. Bu, güclü rəqibdir və gələcəkdə də belə olacaq”, deyə Simone İnzaqi əlavə edib.

Beləliklə, “İnter” cari mövsüm İtaliya A Seriyasının başa çatmasına 5 tur qalmış 20-ci çempionluğunu təmin edib. “İnter” 33 oyundan 86 xalla yarış cədvəlinə başçılıq edir və ən yaxın rəqibi, 2-ci pillədə qərarlaşmış “Milan” (69 xal) 17 xal qabaqlayır.

Vurğulayaq ki, 20-ci çempionluğu qazanması ilə “İnter” köynəyində 2-ci ulduzu daşımaq hüququnu qazanıb.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla