AZ

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Azərbaycan

Bakı, 23 aprel, AZƏRTAC

“İdmançılarımız “Paris-2024” Yay Olimpiya Oyunlarına yetəri qədər lisenziya qazanıblar və qazanmağa da davam edirlər. Bu sayın artacağına inanıram”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədr müavini Fəridə Əzizova deyib.

Lisenziya qazana bilməyən Azərbaycan idmançılarının şanslarının davam etdiyini xatırladan taekvondo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı bildirib ki, uğurlu çıxış üçün psixoloji cəhətdən hazırlıqlı olmaq vacibdir: “Oraya gedən hər kəsin başlıca məqsədi Olimpiya çempionu olmaqdır. Bunu bacara bilməsələr belə, ən azı Olimpiya mükafatçısı olaraq dönmək istəyirlər. Olimpiadada iştirak edən hər kəs fəxri kürsüyə qalxa bilmir. Çünki bu, ən çətin yarışdır. Gərək özlərini həm psixoloji, həm də fiziki olaraq hazırlasınlar. Psixoloji cəhətdən hazırlıqsız olmaq onları zəif duruma salır. Bu turnirə ilk dəfə qatılanlar Olimpiya kəndinə gedərkən bir çox idmançını bir arada görür və həyəcanlarını boğa bilmirlər. Ümid edirəm ki, Fransanın paytaxtında qazanacağımız medal sayı “Tokio-2020”dəki mükafat sayını ötəcək. Bir idmançı olaraq, əminəm ki, hər biri əllərindən gələni edəcək”.

F.Əzizova taekvondo idman növündə lisenziya qazanmağın çətinliklərindən bəhs edib: “Reytinq xallarına əsasən ilk “altılıq” müəyyənləşir. “Altılığ”a düşən idmançılar birbaşa lisenziyanı təmin edirlər. Vəsiqə qazana bilməyənlər isə təsnifat turnirlərində güclərini sınayırlar. Taekvondoçularımızın lisenziya əldə etmək şansları artıq yoxdur. Çünki son lisenziya turniri mart ayının əvvəllərində Bolqarıstanın paytaxtı Sofiyada keçirildi. Həmin yarışda iştirak edən idmançılarımızdan - Milad Beigi Harçeqani (+80 kiloqram), Zemfira Həsənzadə (49 kiloqram) və Nigar Abdullayevanın (57 kiloqram) lisenziyaçılar sırasına düşmək üçün fürsətləri olsa da, təəssüf ki, alınmadı”.

O, “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın yeganə taekvondoçusu Qaşim Maqomedovun (58 kiloqram) şanslarını da dəyərləndirib: “Olduqca perspektivli idmançıdır. Bu il onun üçün yaxşı fürsət yarandı. İlk dəfə Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında qüvvəsini sınadı. Onunla bağlı ümidlərim böyük idi və bunu doğrultmağı bacardı. Lisenziya qazanmağı çox istəyirdi. Biz birlikdə məşq etmişik. O, hər zaman Olimpiya Oyunlarında mübarizə aparmağı arzulayırdı. Çox məsuliyyətli idmançıdır. Düşünürəm ki, Vətənə ən azı Olimpiya mükafatçısı olaraq geri dönəcək”.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.

 

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla