AZ

Azərbaycan Universitetinin COP29-a necə hazırlaşır?

Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək. Hər il fərqli bir ölkədə keçirilən tədbir noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq.

 

Maraqlıdır, layihə ilə bağlı universitetlərdə tələbələri məlumatlandırmaq üçün nələr təşkil olunur?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı universitetlərə sorğu ünvanladıq.

 

Sorğumuza Azərbaycan Universitetinin (AU) mətbuat xidmətindən cavab olaraq bildirib ki, universitetdə "Yaşıl dünya naminə həmrəyli ili" tədbirlər planı hazırlanıb və icra olunur:

 

“Tədbirlər planının hazırlanmasında Cənab Prezidentin 25 dekabr 2023-cü il tarixli Sərəncamı rəhbər tutulub. Tədbirlər planında tələbələrin ekoloji savadlılığının artırılması, maarifləndirilməsi, mövcud ədəbiyyatı mütaliəyə yönləndirmək məqsədilə müxtəlif elmi tədbirlər, xüsusi mühazirələr, konfrans və seminarlar təşkil olunur, bilik yarışları, müsabiqələr keçirilir.

 

Müəllimlər dərslərdə öz ixtisas və elm sahələrinə uyğun olaraq həm COP29 tədbiri, həm də “yaşıl dünya – yaşıl enerji” konsepsiyası, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlı müəyyən edilmiş iqtisadi inkişaf kursu, bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi istiqamətində görülən işlər, ölkəmizin yaşıl enerji ilə bağlı hədəfləri və bu kimi mövzularda tələbələrə məlumat verilir".

 

Tədbirlər planına əsasən “COP29 simulyasiyası”nın da keçirilməsi nəzərdə tutulub ki, layihəyə Azərbaycan Universitetinin tələbələri ilə yanaşı, başqa ali təhsil müəssisələrinin tələbələri də qoşulub:

 

“Hazırda simulyasiyanın təlimləri davam edir. Layihənin açılış mərasimi olub və püşkatma ilə tələbələrin təmsil edəcəkləri beynəlxalq təşkilatlar müəyyənləşib. Layihə çərçivəsində dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi və COP29 ilə bağlı tələbələrin məlumatlandırılması nəzərdə tutulur.

Universitetimizin tələbələri ölkədə keçirilən beynəlxalq yarışlarda könüllü kimi iştirakını hər zaman dəstəkləyib. Bu, COP29 tədbirinə də aiddir. Çünki, könüllülük onların özünüinkişafına, cəmiyyətdə sosiallaşmalarına təkan verir, həmçinin tələbəlik illərini daha zəngin və əyləncəli edir”.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla