AZ

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

Ağasəlim

Bakı, 23 aprel, AZƏRTAC

“Mövsümün sonu yaxınlaşdıqca, komandalar nəticəyə hesablanmış oyun nümayiş etdirirlər”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Ağasəlim Mircavadov Azərbaycan Premyer Liqasında avrokuboklar uğrunda mübarizə aparan komandalar barədə danışarkən deyib.

77 yaşlı mütəxəssis növbəti mövsümdə Azərbaycanı beynəlxalq arenada təmsil etmək şansı yüksək olan 3 klubun adını açıqlayıb: “Zirə” hazırda gümüş medallara əsas namizəddir. Müdafiədə çox etibarlı oynayırlar. Buna görə də Premyer Liqada ən az top buraxan komandadır. “Sabah” “Qarabağ” üzərində qazandığı qələbə ilə öz oyununu tapa bilib. Görünür, bu görüşdəki üç xal “tələbələr” üçün stimul olub. Üçüncü komanda kimi “Neftçi”ni qeyd edə bilərəm. Lakin “ağ-qaralar” stabil oyun sərgiləmir. Hiss olunur ki, komandada problem var. Gözləntilərdən aşağı səviyyədə çıxış edir. Ancaq “Zirə” və “Sabah”la yanaşı, “Neftçi”nin də avrokuboklara vəsiqə qazanmaq şansı yüksəkdir. Digər komandalara gəlincə, “Sumqayıt” və “Səbail”in də şansı var. Hazırda 8-ci pillədə qərarlaşan “Araz-Naxçıvan”ın avrokuboklara yollanması isə möcüzə əsasında reallaşa bilər”.

A.Mircavadovun sözlərinə görə, “Turan Tovuz”un avrokubok şansı qalsa da, komanda hələ beynəlxalq oyunlara tam hazır deyil: “Bölgə təmsilçisi bu mövsüm böyük klublara qarşı başabaş mübarizə aparır. Həqiqətən də məşqçi işi görünür. Lakin bəzi vacib oyunlarda xal itkiləri ilə üzləşdilər. Gələcək illərdə bu komandanın daha böyük nəticələr qazanacağına inanıram”.

Qeyd edək ki, turnir cədvəlinə daha əvvəl çempionluğu rəsmiləşdirən 73 xallı “Qarabağ” başçılıq edir. “Zirə” 49 xalla ikinci, eyni xala malik ( 47 xal) “Sumqayıt” ilə “Neftçi” isə üçüncü və dördüncü yerləri bölüşürlər.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla