AZ

“Azər Maya”ya qarşı tərtib edilən cəriməyə məhkəmədə xitam verilib

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Azərbaycan Mərkəzi Bankının “Azər Maya”ya qarşı iddiasını təmin etməyib.

Banker.az xəbər verir ki, bu barədə Nərimanov RM-nin qərarında qeyd edilir.

Belə ki, Mərkəzi Bank “Azər Maya İstehsal” QSC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini əsas gətirərək cərimə protokolu tərtib etmişdi.

23 apreldə Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmədə icraata xitam verilib.

İşin qısa nəticəsi kimi qeyd edilib ki, inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilib. Bununla belə, işdən narazı qalan tərəflər qanunvericiliyin tələb etdiyi müddətdə apelyasiyaya şikayət edə bilərlər.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Xatırladaq ki, “Azər Maya İstehsal” QSC 2021-ci ildə təsis edilib və 1 761 160 manat nizamnamə kapitalı var. Şirkətin rəhbəri Elvin Əliyev Eldar oğludur.

 

Seçilən
94
48
Mənbələr
Şərh ()
Bağla