AZ

Şirvanda gənc oğlan arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Şirvan şəhərində 1997-ci il təvəllüdlü Asif ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Elmiraya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Asif bu ilin fevralın 7-də, saat 20 radələrində yaşadıqları evdə Elmira ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruqla baş nahiyyəsinə bir neçə dəfə vurub. 

Hadisəni törədən Asifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2017-ci ildə Elmira ilə ailə həyatı qurub, həmin evlilikdən bir oğlan övladları doğulub: “Hər gün gündəlik olaraq səhər saatlarında yaşadığım evdən çıxaraq dostlarım ilə görüşərək, çayxanaya gedirəm, bəzən evə gec vaxtlarda gəlirəm. Bu səbəbdən arvadım Elmira ilə aramızda tez-tez münaqişələr yaranır. Fevralın 7-də, axşam saat 20 radələrində yaşadığım evə getdim. Arvadım Elmira mənə gündəlik olaraq evə tez gəlməyimi bildirdi. Sonra arvadıma bir daha evə gəlməyim ilə bağlı bir söz deməməsini bildirdim. Həmin vaxt Elmira ilə aramızda münaqişə yarandı. Münaqişə zamanı Elmira ünvanıma nalayiq ifadələr işlətdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elmiraya nalayiq ifadələrinə son verməsini bildirib: “Lakin Elmira nalayiq ifadələr işlətməyə davam etdi. Həmin vaxt əsəbləşərək Elmiraya yaxınlaşdım. Elmiradan sakit olmasını tələb etdim. Özümü saxlaya bilmədim və Elmiranın baş nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq xəsarət yetirdim. Daha sonra arvadım hadisə barədə polisə məlumat verəcəyini söylədi. Mən də əsəbi olduğumdan yaşadığım ünvandan çıxaraq məhləyə getdim”. 

İş üzrə zərərçəkmiş Elmiranın sözlərinə görə, əri Asif gündəlik olaraq evə gec saatlarda gəlir: “Mən hər dəfə Asifdən evə tez gəlməsini və ailəsinə vaxt ayırmasını istəsəm də, Asif əksinə mənimlə bu iradlarıma görə mübahisə yaradıb. Fevralın 7-də, axşam saat 20 radələrində Asif yaşadığımız evə gəldi. Həmin vaxt azyaşlı övladım isə yataq otağında yatıb. Asif evə daxil olduqdan sonra gündəlik evə tez gəlməsini söylədim. Asifə bizə vaxt ayırmasını xahiş etdim. Lakin Asif xahişimdən sonra qışqırmağa başladı. Dedi ki, evə gec və ya tez gəlməsinin mənə heç bir aidiyyəti yoxdur. Məni söyüb, təhqir etdi. Asifdən nalayiq sözlərinə son verməsini xahiş etsəm də, Asif mənə məhəl qoymadı. Mənim baş nahiyəmə bir neçə dəfə yumruqla vurdu”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra özünü itirib və yerə yıxılıb: “Yerə yıxıldıqdan sonra ayağa qalxdım və Asifə polisə məlumat verəcəyimi bildirdim. Bu vaxt Asif evdən çıxaraq uzaqlaşdı. Bir neçə dəqiqə keçdikdən sonra Asifin mənə xəsarət yetirməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə məlumat verdim. Daha sonra Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığım ünvana gəldilər. Sonra Asifin mənə xəsarət yetirməsi ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim”.

Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Asifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
72
Mənbələr
Şərh ()
Bağla