AZ

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Naxçıvana

Naxçıvan, 23 aprel, AZƏRTAC

Naxçıvanda baramaçılığın inkişaf etdirilməsi məqsədilə hazırlanan pilot layihənin icrasına başlanılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, layihəyə uyğun olaraq kümçülər müəyyənləşdirilib, kümxanalar hazırlanıb və Çindən 30 qutu ipəkqurdu toxumu gətirilib. Toxumlar Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub. İnkubasiyadan əldə olunmuş ipəkqurdları may ayının birinci on günlüyünə qədər kümçülərə əvəzi ödənilmədən paylanılacaq.

Qeyd edək ki, baramaçılıq və ipəkçilik vaxtilə Naxçıvanda məhşur olub və əhalinin əsas məşğuliyyət növlərindən biri hesab edilib. Lakin, son illərdə bu fəaliyyət tamamilə dayandırılıb, ipəkçilik sahəsində fəaliyyət göstərən müəssisələr yararsız hala düşüb. Sahənin yenidən bərpası, o cümlədən əhalinin məşğulluğunun artırılması məqsədilə 2023-cü ilin əvvəllərindən başlayaraq təhlillər aparılıb. Təhlillərin nəticəsində yem bazasında çatışmazlıqlar müəyyən olunub. Bu səbəbdən yeni tut bağlarının salınmasına başlanılıb. İlkin olaraq Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə Ordubad rayonunun Əylis kəndində 1,2 hekrar ərazidə Türkiyədən gətirilmiş 600 tut tingindən ibarət "Türkiyə-Azərbaycan İpək Bağı" salınıb. Bununla yanaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 20 min, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq alınan 18 381 tut tingi əkilib.

Bütün bunlar barama istehsalında yüksək və keyfiyyətli məhsul əldə etmək üçün yetərli deyil. Bu səbəbdən ipəkqurdlarının yem bazasının gücləndirilməsi, uzun illər ipəkqurdlarının bəslənməsi vərdişlərindən uzaq düşmüş əhalinin bilik və bacarıqlarının artırılması, kümxanaların və baramaqurutma məntəqələrinin, eləcə də gələcəkdə digər əlaqəli müəssisələrin yaradılması istiqamətində işlər davam etdiriləcək.

 

 

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla