AZ

Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması sonrakı uğurlara da qapı açdı – Hərbi ekspert

Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə əldə etdiyi ən böyük həlledici uğurdur.

Bunu Herbiand.az-a hərbi ekspert İbrahim Rüstəmli məntəqənin yaradılmasının bir ili münasibətilə fikirlərini bölüşərkən deyib. Qeyd edib ki, Laçın keçid məntəqəsi ermənilərə bir növ vəziyyətin nə qədər ciddi olduğunu anlatdı:

“Bilirsiniz ki, orada qeyri-qanuni hərbi birləşmələrə, terrorçu qüvvələrə sızmalar baş verirdi. Onların silah-sursatla, canlı qüvvə ilə təmin olunması məsələsi məhz bəzi hallarda Rusiya sülhməramlılarının müşayiətilə Laçın dəhlizilə həyata keçirilirdi. Və Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması bu sızmaların qarşısını aldı. Yəni terrorçu birləşmələrin mövqe tutduğu konkret bölgələrə - Xankəndiyə, Ağdərəyə, Xocalıya və bir sözlə, ermənilərin nəzarətində olan ərazilərə kənar sızmaların qarşısını aldı. Onları ətraf mühitlə təcrid etdi”.

Hərbi ekspert Azərbaycan Prezidentinin dəfələrlə bununla bağlı verdiyi bəyanatlara da diqqət çəkdi:

“Ölkə rəhbəri bəyan etmişdi ki, orda yaşayan ermənilər əgər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, Azərbaycan qanunlarına tabe olarlarsa, o zaman bizim vətəndaşlarla istisnasız, heç bir əlavə öhdəlik, üstünlük olmadan yaşaya bilərlər. Lakin göründüyü kimi onlar bununla razılaşmadılar. Və biz 44 günlük Vətən müharibəsindən sonra Laçın sərhəd-buraxılış məntəqəsini müəyyənləşdirdik. Ərazilərimizin nəzarətini gücləndirdik. Eyni zamanda sonrakı mərhələdə terrorçuları zərərsizləşdirmək, onları silahsızlaşdırmaq, təhlükəsiz bir mühit yaratmaq məqsədilə antiterror əməliyyatına başladıq. Və bununla da Azərbaycan öz növbəti böyük hədəfinə çatmış oldu”.

İbrahim Rüstəmlinin sözlərinə görə, Laçın dəhlizi ilk növbədə ermənilərə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir sıra mətləbləri də xatırlatdı:

“Baxmayaraq ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir baş nazirdir, ancaq bununla belə içərilərə bu və ya digər yollarla sızmalar çox baş verirdi. Bilirsiniz ki, ora ağır coğrafi şəraitdə yerləşir. Belə ərazilərdən sızma o qədər çətin başa gəlmirdi. Ancaq bizim Laçın sərhəd-buraxılış məntəqəsinin təyin olunması bütün hallarda Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra qazandığı ən möhtəşəm uğur idi ki, sonrakı uğurlara da qapı açdı”.

Elnurə İSAXAN

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla