AZ

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Roma, 23 aprel, AZƏRTAC

İkinci Dünya müharibəsi zamanı müqavimət hərəkatında iştirak etmiş və İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş həmvətənlərimizin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, İtaliyada fəaliyyət göstərən və sıralarında soydaşlarımızı birləşdirən Azərbaycan İcması Assosiasiyasının üzvləri Berqamo şəhərində ucaldılmış xatirə kompleksini ziyarət edərək italyanlarla çiyin-çiyinə döyüşən azərbaycanlıların əziz xatirəsini anıb, abidə önünə üçrəngli Bayrağımızın əks olunduğu əklil qoyublar.

Assosiasiyanın sədri Turan Sadiqi AZƏRTAC-a bildirib ki, təşkilatın üzvləri bir neçə ildir Monte di Nese dağına baş çəkir, burada İtaliya müqavimət hərəkatının iştirakçıları olmuş və İkinci Dünya müharibəsinin sonlarında – 1945-ci ilin aprelində nasizmin, faşizmin qurbanı olmuş 120 azərbaycanlının xatirəsini yad edirlər.

“Azərbaycan övladlarının İkinci Dünya müharibəsində İtaliyanın müstəqilliyi uğrunda mübarizədə qəhrəmanlığı və fədakarlığı bu gün ölkələrimiz arasında dostluq əlaqələrinin dərin köklərinin olmasından xəbər verir, Qafqazdan Apenninədək uzanan bu dərin bağların gələcəkdə də uğurla inkişaf edəcəyini göstərir. Həmvətənlərimizin xatirəsinin əziz və uca tutulması bir ənənə kimi davam etdirilir, biz onları unutmadıq və unutmayacağıq”, - deyə T.Sadiqi qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla