AZ

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir -YENİLƏNİB

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilir. Tədbir Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu – UNESCO-nun elan etdiyi 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təsis edilmiş 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu bildirib. O, Azərbaycanın 1997-ci ildən Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününü, 2001-ci ildən Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etdiyini diqqətə çatdırıb.

“Aprel ayı bizim tərəfdən əqli mülkiyyət ayı elan edilib və bir sıra tədbirlər həyata keçirilir”, - deyə Agentliyin İdarə Heyətinin sədri bildirib.

Professor Kamran İmanov qeyd edib ki, builki bayram günləri xüsusi əhəmiyyət daşıyır. İlk dəfədir ki, bu əlamətdar günləri qalib xalqımızın nümayəndələri tam suverenliyini bərpa edən respublikamızın hər yerində, Vətənimizin hər bir guşəsində qeyd edirlər.

Agentliyin rəhbəri Azərbaycan xalqının arzusuna çatmasında, Qələbə sevinci yaşamasında, ölkənin beynəlxalq nüfuzunun artmasında, söz sahibinə çevrilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb.

Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin kreativliyin, innovativliyin inkişafına böyük təsir göstərdiyini bildirən Kamran İmanov 2023-cü ildə müəllif hüququ obyektlərinin qeydiyyatına aid verilən şəhadətnamələrin əvvəlki illə müqayisədə 20 faiz çox olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ötən il “Elektron xidmət” bölməsi vasitəsilə qeydiyyatdan keçirilmiş əsərlər də 2022-ci il ilə müqayisədə 73 faiz çoxdur. Üstəlik, əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınıb. Eləcə də 2023-cü ildə ixtira fəallığı 2022-ci illə müqayisədə 11 faiz artıb. İxtiralar üzrə ekspertizanın müddəti ümumi qayda olaraq 12 ay təşkil etdiyi halda, 2023-cü ildə 8-9 ay müddətində aparılıb, MDB məkanında ilk olaraq, iddia sənədlərinin 3D-formatında qəbulu həyata keçirilib, hamıya əlçatanlığı təmin edən “açıq reyestr” prinsipi tətbiq edilib.

Qeyd olunub ki, Agentliyin dəstəyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin köməyilə bu universitetdə Əqli mülkiyyət kafedrası yaradılıb. Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının Agentliyin nəzdində daha əvvəl yaradılmış filialının fəaliyyəti isə əqli mülkiyyət sahəsində hüquqşünas mütəxəssislərin hazırlanmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi irsin 30 illik işğal dövründə talan edildiyini, dağıdıldığını qeyd edən professor Kamran İmanov deyib: “Biz bir neçə müddətdir ki, UNESCO-dan bunları araşdırmağı, erməni vandalizminin nəticələrini, Azərbaycan mədəni irsinin talan edilməsini qələmə almaq və bunun üçün bu ərazilərə səlahiyyətli missiya göndərməklə bağlı müraciət etmişik. Lakin buna hələ ki reaksiya yoxdur”.

Kamran İmanov qeyd edib ki, bu ilin mart ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın UNESCO-nun Baş direktoru Odri Azule ilə Parisdəki görüşündə erməni mədəni-dini irsinin Qarabağda qorunub saxlanması məsələsi müzakirə predmeti olub. Maraqlıdır ki, Azərbaycan mədəni irsinin 30 illik işğal dövründə dağıdılmasını UNESCO, yumşaq desək, soyuqqanlıqla qəbul etdiyi halda, hay-ermənilərin bir-iki illik “yaratdığı problem” UNESCO-nun diqqət mərkəzindədir: “Xatırladım ki, UNESCO-nun ən vacib sənədlərinə əsasən, “mədəniyyət xalqların mədəni irslərində əksini tapmış mədəni müxtəliflik” deməkdir. Bir sözlə, UNESCO-nun ən vacib öhdəliklərindən biri xalqlara məxsus mədəni irsin xristian, müsəlman, türk, Avropa mədəniyyətindən asılı olmayaraq, qorumaqdan ibarətdir. Odur ki, Əqli Mülkiyyət Agentliyi səlahiyyətlərinə və vəzifələrinə uyğun olaraq, UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə də yerinə yetirməsini diqqət altında saxlamasını tələb edir”.

Azərbaycan nümunələrinin mənimsənilməsinin hayların köhnə adəti olduğunu bildirən professor Kamran İmanov hələ 1967-ci ildə nəşr edilmiş “Erməni folkloru” kitabına diqqət çəkib. Qeyd edib ki, orada nümunə gətirilən “Pulu-Puqi və oğrular” rəvayətini Molla Nəsrəddinin məşhur “Molla və oğru” lətifəsi ilə müqayisə etdikdə ermənilərin plagiatlıq faktı üzə çıxır: “Ermənilər Qarabağın erməni məliklərinə məxsus olması barədə yalanla yanaşı, Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar”.

Agentliyin sədri, həmçinin Azərbaycan atalar sözlərinin erməni nümunələri kimi təqdim edildiyini bildirib.

Professor Kamran İmanov qeyd edib ki, Qərbi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradıldıqdan sonra, artıq 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutunda xüsusi şöbə fəaliyyətə başladı. Onun vəzifəsinə xalq musiqisi və folklor nümunələrini toplamaq və tədqiq etmək daxil edildi. Onların toplanması və arxivləşdirilməsi keçmiş Azərbaycan torpaqlarında aparılırdı və təbii ki, onların mənşəyi türk-azərbaycanlı olmuşdu. 1959-cu ildə nəşr edilmiş “Ensiklopedik musiqi lüğəti”nə əsasən, “müasir erməni musiqisinin atası” Komitas tərəfindən ümumilikdə üç mindən çox mahnı lentə alınmışdı. Özününküləşdirilən əsərlər arasında “Es kes tesa” adı altında “Sarı gəlin” mahnısı da olub. XIX əsrin sonlarında nəşr olunan kitablarda “Uzundərə”, “Ceyranı”, “Şalaxo” Azərbaycan folklor rəqsləri erməni nümunələri elan edilib, 1959-cu ildə buraxılmış “Musiqili ensiklopedik lüğət”də isə “həm də Azərbaycanda geniş yayılmış erməni solo rəqsləri” kimi təqdim edilib.

“Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsədli quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olunur və erməni etnik aləminin mənzərəsinin bir hissəsinə çevrilir”, - deyə professor Kamran İmanov qeyd edib.

Konfransın açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Əqli Mülkiyyət Agentliyi uzun illər ərzində Azərbaycan xalqının maddi və mənəvi dəyərlərinin qorunması yolunda yorulmadan çalışdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatıdılrması istiqamətində Agentlik əlindən gələni edir: “Professor Kamran İmanovun bu mövzuda xarici dillərdə nəşr edilən əsərləri stolüstü kitablara çevrilib. Onu da qeyd edim ki, bu sahədə problemlərdən biri məhz xarici dillərdə kitabların olmamasıdır. Professor Kamran İmanovun bu kitabları ilə həmin boşluq aradan qaldırılır”.

Əziz Ələkbərli diqqətə çatdırıb ki, tarixi torpaqlarımıza qayıdış bizim beynəlxalq hüquqa söykənən təməl hüququmuzdur. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi öz əksini tapıb. Konsepsiyada, həmçinin Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irsin, məscidlərin və qəbiristanlıqların kütləvi şəkildə dağıdıldığı, yer adlarının dəyişdirildiyi öz əksini tapıb. Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq.

Konfransın açılış mərasimində, həmçinin Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış ediblər.

Çıxışlarda erməni millətçilərinin Azərbaycanın qeyri-maddi mədəni irsini oğurlamaları, Qərbi Azərbaycan ərazisində, eləcə də işğal dövründə həyata keçirdikləri vandalizm aktının bütövlükdə dünya irsinə qarşı cinayət aktı olduğu vurğulanıb. Erməni saxtakarlıqlarının və uydurmalarının qədim mənbələr əsasında ifşa edilməsinin vacibliyi vurğulanıb və bu baxımdan Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə keçirdiyi konfrans yüksək qiymətləndirilib.

Konfrans işini məruzələrlə davam etdirib.

Seçilən
23
6
Mənbələr
Şərh ()
Bağla