AZ

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

“Qəbələ”nin

Bakı, 23 aprel, AZƏRTAC

“Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.

O, sabahkı qarşılaşmanın özləri üçün mövsümün ən vacib görüşü olduğunu bildirib: “Başqa yolumuz yoxdur, yalnız qələbə barədə düşünürük. Amma kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik. Bununla belə, azarkeşlərimizin və kollektivin üzünü az da olsa güldürmək istəyirik. Kaş, ölkə çempionatında bu cür uğursuz nəticələr olmazdı”.

34 yaşlı oyunçu karyerası ərzində ilk dəfə bu cür halla üzləşdiyini vurğulayıb: “Hər bir komandanın eniş dövrü olur. Ötən mövsümün sonunda aparıcı oyunçular “Qəbələ”ni tərk etdilər. Zəif nəticələrə əsas səbəb olaraq bunu da göstərmək olar. Daha sonra bu məsələni həll edə bilmədik. Komandada heç kəs bir-birini günahlandırmır. Sadəcə, alınmadı. Özüm də söz tapa bilmirəm”.

Vitse-kapitanın sözlərinə görə, Premyer Liqada komanda sayının mümkün artımı “Qəbələ” üçün müsbət məqam olacaq: “Ümid edirəm ki, komanda sayı artar və növbəti mövsümdə də Premyer Liqada çıxış edərik. Əsas liqada qala bilsək, keçmiş səhvləri təkrarlamamaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, səfərdə keçirilən ilk görüşdə “Zirə”yə 1:2 hesabı ilə uduzan “Qəbələ” rəqibini aprelin 24-də doğma meydanda qəbul edəcək.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla