AZ

Naxçıvan Dövlət Universitetinin şəhid məzunları - TANIYAQ

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Naxçıvan Dövlət Universitetinin (NDU) Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva AzEdu.az-a  bildirib ki, universitetin  3 şəhid məzunu var.

 

“Onlar Teymur Osmanlı, Orxan Kərimli, Əlizadə Yüksəldir”.

 

Teymur Osmanlı: “Teymur Saday oğlu Osmanlı 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2001-ci ildə İsmayıllı şəhər İ. Həsənov adına 1 saylı tam orta məktəbə daxil olmuş, 2012-ci ildə  təhsilini başa vuraraq Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə qəbul olmuşdur.  2016-2017-ci illərdə Tərtər rayonunun N saylı hərbi hissəsində qulluq edib. Xidməti başa vurduqdan bir müddət sonra Bakıda notariat ofisində baş mütəxəssis vəzifəsində çalışıb. 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına daxil olmuşdu.

 

Azərbaycan Ordusunun əsgəri olan Teymur Osmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Osmanlı oktyabrın 17-də Suqovuşanın azad edilməsi zamanı şəhid olub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Osmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi”.

 

Orxan Kərimli: “Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərinin Müskürlü kəndində anadan olub. 2007-ci ildə Göyçay şəhər 7 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə həmin məktəbi bitirərək Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olub. Orxan Kərimli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Orxan Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Kərimli oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib”.

 

Yüksəl Əlizadə: “Yüksəl İlqar oğlu Əlizadə 1996-cı il iyunun 5-də Quba şəhərində anadan olub. 2002-ci ildə Bakıda 30 nömrəli tam orta məktəbə daxil olmuş, 2006-cı ildən Gəncə şəhər M.Ə.Sabir adına  5 nömrəli  tam orta məktəbdə təhsilini davam etdirmiş, 2013-cü ildə  təhsilini başa vuraraq Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuşdur. 

 

2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2020-ci ildə  Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olmuşdu. Gəncə şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində çalışırdı. 2020-ci ilin iyul ayında Ermənistan - Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca baş tutan döyüşlərdən (Tovuz hadisələrindən) sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək müharibədə iştirak etmək üçün müraciət etmişdir. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır.

 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Əlizadə Yüksəl Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur. 9 noyabr 2020-ci ildə  Xocavənd ərazisində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir. 20 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Əlizadə Yüksəl İlqar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra),  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə” (ölümündən sonra) və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. Subay idi”.

 

Qeyd edilib ki, Orxan Kərimliyə auditoriya yaradılıb. Digər şəhid məzunlar üçün də gələn ay üçün auditoriya yaradılması  nəzərdə tutulub.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla