AZ

Andreas Kristensen: “Barselona”da oynamaqdan zövq alıram”

“Barselona”nın danimarkalı müdafiəçisi Andreas Kristensen “blauqrana”dan ayrılmaq fikrində olmadığını bildirib.

Arena.az xəbər verir ki, o, həmçinin dayaq yarımmüdafiəçisi mövqeyinə keçirilməsi haqda təəssüratını paylaşıb.

Kristensenin bu barədə fikirlərini təqdim edirik:

“Gələn mövsüm burada olacağıma şübhəm yoxdur. Hələ iki illik müqaviləm var və xoşbəxtəm.

“Barselona”ya uyğunlaşmam tez keçdi. Bu komandada oynamaqdan zövq alıram. Aydındır ki, hələ öyrənməli və təkmilləşdirməli olduğum bir çox cəhət var. Bunda çətin bir məqam yox idi, çünki mən dayaq yarımmüdafiəçisiyəm və rolum əsasən müdafiədən ibarətdir. Məqsədim müəyyən qədər tarazlığı saxlamaq və rəqibin əks-hücumlarından qaçmaqdır, amma açıq-aydın özümü müdafiəçi hesab edirəm”, deyə Kristensen vurğulayıb.

Xatırladaq ki, Andreas Kristensen İngiltərənin “Çelsi” klubunun yetirməsidir. O, peşəkar karyerasına da 2014-cü ildə məhz London klubunda başlayıb. Danimarkalı futbolçu 2015-2017-ci illər aralığında Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasında icarədə də oynayıb (82 oyun, 7 qol, 1 assist). Mərkəz müdafiəçisi “Çelsi”nin əsas komandasında keçirdiyi 6 mövsüm ərzində 161 matça çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Kristensen “Barselona”ya 2022-ci ilin iyul ayında azad agent kimi cəlb olunub. 28 yaşlı mərkəz müdafiəçisi bu komandada 68 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa qədərdir.

Danimarkalı futbolçu 2015-ci ilin iyun ayından ölkəsinin milli komandasında forma geyinir. O, Danimarka yığmasının heyətində meydana çıxdığı 69 oyunda 3 qola imza atıb.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla