AZ

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

Ankara, 23 aprel, AZƏRTAC

Türkiyənin Kırşəhər vilayətində fəaliyyət göstərən Şəhid Ailələri Sosial Yardımlaşma və Həmrəylik Cəmiyyəti “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verib.

AZƏRTAC xəbər verir ki, layihənin təqdimat mərasimində çıxış edən Cəmiyyətin sədri Mutlu Kılıçaslan Türkiyə və Azərbaycandakı şəhid ailələri arasındakı əlaqələrin qurulması məqsədilə həyata keçirilən tədbirlər proqramı iyunun 30-dək davam edəcək. “İki dövlət, bir millət” anlayışı ilə fəaliyyətlərini davam etdirdiklərini və Azərbaycan ilə bağların daha da möhkəmlənməsinə töhfə vermək istədiklərini qeyd edən Kılıçaslan deyib: “106 il əvvəl Bakının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə 34 kırşəhərli əsgər də şəhid olub. Bu kimi layihələr Vətən uğrunda şəhid olan iki xalqın qəhrəman övladlarına, əcdadlarımıza vəfa borcumuzdur”.

O, Azərbaycana səfəri çərçivəsində Bakı və Şamaxıdakı türk şəhidliklərini, Qarabağ uğrunda döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin məzarlarını ziyarət edəcəklərini bildirib.

Mutlu Kılıçaslan qeyd edib ki, layihə iştirakçıları Türkiyə Böyük Millət Məclisində və Daxili İşlər Nazirliyində də görüşlər keçirəcək, ölkənin müxtəlif vilayətlərində şəhid məzarlarını ziyarət edəcəklər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla