AZ

Ərdoğanın tarixi Bağdad səfəri - harada ki, Türkiyə var...

Qardaş ölkə lideri İraqa PKK-ya qarşı birgə mübarizə, eləcə də ərəb dövlətinin iqtisadiyyatına sərmayə qoyulması mövzularını müzakirə etməyə gedib; analitik: “İraq öz qüvvələri hesabına terrorçuları Qəndildən qovmaq imkanına malik deyil”

Aprelin 22-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa gedib. Onu səfərdə xarici işlər naziri Hakan Fidan, MİT müşaviri İbrahim Kalın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın da olduğu izdihamlı heyət müşahidə edib. “Yeni Müsavat” bildirir ki, prezidentin marşrutunda Bağdaddan sonra Ərbil də var.

Türkiyənin “Hürriyet” qəzetinin əldə etdiyi məlumata görə, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin dəvəti ilə reallaşan səfər zamanı iki ölkə arasında 30-a yaxın müqavilənin imzalanması gözlənilir. Məqsəd Türkiyə ilə İraq arasında son zamanlar sürətlənən ikitərəfli münasibətləri hər sahədə inkişaf etdirmək və müqavilə əsaslarını gücləndirərək institusional çərçivə təmin etməkdir. Bu istiqamətdə ən mühüm addım iki ölkə arasında bir müddətdir razılaşdırılan mövzu, yəni İraq torpaqlarının terror təşkilatı PKK-dan təmizlənməsi ilə bağlı atılacaq. Türkiyənin İraq sərhədində 30-40 kilometrlik ərazidə müxtəlif dərinliklərdə daimi baza sahələrinin yaradılması da müzakirə olunacaq.

İraq tərəfi Ərdoğanın səfərinə böyük əhəmiyyət verir. İraqın baş naziri Məhəmməd Şiyə əs-Sudani səfəri belə dəyərləndirib: “Türkiyə prezidentinin İraqa səfəri keçici bir səfər olmayacaq. İki ölkə arasında ilk dəfə olaraq məsələləri təxirə salmaq əvəzinə həll etmək iradəsi var”. Türkiyəli yazar Abdulkadir Selvi də səfərin detallarını açıqlayıb. Onun sözlərinə görə, Türkiyə-İraq əlaqələri müsbət istiqamətdə inkişaf edir və regional model olma yolundadır. İki ölkə təkcə terrorla mübarizədən danışmayacaq, ümumi inkişafa əsaslanan regional baxışla hərəkət edəcəklər. Türkiyə ilə İraq arasında ticarət, kənd təsərrüfatı, enerji, su, səhiyyə və nəqliyyat sahələrində ortaq komitələr yaradılacaq. Türkiyə ilə İraq arasındakı bu konsepsiya uğurlu olarsa, məqsəd İranı da daxil etməkdir. Lakin yazar İranın belə planları sabotaj edəcəyindən narahat olduğunu da bildirib. Türkiyə ilə İraq arasındakı ən əhəmiyyətli addımlardan biri də “İnkişaf Yolu” layihəsi olacaq. Böyük Fav Limanından başlayacaq, Ova kəndindən Türkiyə ərazisinə daxil olacaq və oradan Avropaya çatacaq. Türkiyə ilə İraq arasındakı Kərkük-Ceyhan neft kəməri İŞİD-in hücumları nəticəsində zədələnib. İraqın Neft Nazirliyi boru kəmərinin açılışa hazır olduğunu açıqlayıb.

Ərdoğanın İraqa səfərinin mühüm məqamlarından biri də PKK-ya qarşı “Böyük İraq əməliyyatı”dır. İraq PKK-nı terror təşkilatı yox, “qadağan olunmuş” təşkilat elan edib. Amma onun terror təşkilatı elan edilməsi üçün parlamentdən keçməlidir. Bu addımın atılması da gözlənilir. Hərbi hava qüvvələrinin də dəstəkləyəcəyi İraq əməliyyatı Türkiyə Silahlı Qüvvələri tərəfindən quruda həyata keçiriləcək. Məqsəd Türkiyənin 378 kilometrlik İraq sərhədindən 30-40 kilometr dərinlikdə təhlükəsiz xətt yaratmaqdır. Ərdoğanın başlayan səfəri zamanı Birgə Əməliyyat Mərkəzinin yaradılması da planlaşdırılır. Bəs tarixi səfərin regionun arxitekturasına və Azərbaycana mümkün təsirləri nədən ibarətdir?  

Elxan

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ərdoğan İraqa təhlükəsizlik məsələrini müzakirə etməyə gedib: “Ankara ilə Bağdad arasında razılaşma əldə olunub. Türkiyə və İraq PKK terrorçularına qarşı birgə mübarizə aparacaqlar. PKK illərdir İraqın şimalında kök salıb. İraq öz qüvvələri hesabına PKK ilə mübarizə apararaq terrorçuları Kandil dağlarından qovmaq imkanına malik deyil. Bunu Türkiyə ordusu edəcək. İraqdan yeganə tələb Türkiyə ordusuna mane olmamaqdır. Bunun qarşılığında Türkiyə İraq iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayacaq, iki dövlət regional layihələri işə salacaq”.

ABŞ-Türkiyə

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova xüsus vurğulayır ki, Ərdoğan düz 12 ildən sonra İraqa bir günlük rəsmi səfər edib. Onun sözlərinə görə, Ərbil şəhərinə ziyarət də əhəmiyyətli gedişdir: “İraqda Kürdüstan muxtariyyəti ilə danışıqlar aparılması mümkündür. Əsasən enerji və ticari sektorlarda əməkdaşlığın genişləndirilməsi gündəlikdədir. Ümumən, İraq həmişə Türkiyə üçün vacib coğrafiya olub. Bu ölkədə türkmənlərin da yaşadığını nəzərdən qaçıra bilmərik. Lakin hər iki tərəfin PKK problemi mövcuddur. Türkiyə son dövrlər "Pəncə-Kilid" adlı aniterror əməliyyatlarını İraqın və Suriyanın şimalında sürətləndirib. Ərdoğan sərhədlərdə olan terror təhdidini birdəfəlik yox etmək istəyindədir. İstisna deyil ki, bu məsələdə İraqla ciddi anlaşma əldə edilsin. Yəni türk ordusu İraqın dərinliklərinə və Qəndilə daxil olur, terrorçuların kökünü kəsir. Bu hədəf var". Ekspertin sözlərinə görə, Ərdoğanın İraqa səfəri çərçivəsində biznes forumu da keçiriləcək: “Türkiyə ilə İraq arasında ticarət həcminin artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq. İnkişaf Yolu Layihəsinin tamamlanması ilə 2030-cu ildə iki ölkə arasındakı ticarət həcminin 20 milyard dollara çatması hədəflənir”.

Təhlilçi Ankara-Bağdad yaxınlaşmasının Azərbaycan üçün faydalı olduğunu düşünür: “Türkiyənin güclənməsi, terrorla mübarizəyə hər bir coğrafiyada dəstək verməsi bizim də əlimizi, mövqeyimizi gücləndirir. Qardaş dövlətin strateji olaraq nüfuzunun artması müşahidə olunmaqdadır. Azərbaycan da İraqla yaxşı əlaqələrə malikdir. Həmçinin Ərbil muxtariyyətindən Bərzani ölkəmizə səfər edib. Bu kontekstdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi maraqlarımıza uyğundur”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Seçilən
114
12
Mənbələr
Şərh ()
Bağla