AZ

İrana qarşı növbəti sanksiya

Sanksiyaların səbəbi İsrailə hücumla əlaqələndirilir

İran İslam Respublikasının Qərbin ağır sanksiyalarına məruz qalması yeni məsələ deyil. Əsasən, ABŞ tərəfindən reallaşdırlan bu sanksiyalar müxtəlif səbəblərlə əlaqələndirilib. Məlumdur ki, İran uzun müddətdir nüvə fəaliyyətinə görə Qərbin genişmiqyaslı sanksiyaları ilə üzləşib. ABŞ İranın nüvə proqramını qlobal təhlükəsizliyə təhdid kimi dəyərləndirir. Qonşu dövlət isə proqramın reallaşdırılmasının onun üçün hədəf olduğunu bildirir. Nüvə proqramına görə tətbiq olunan sanksiyalar əsas etibarı ilə qonşu dövlətin neft ixracının məhdudlaşdırılmasını əhatə edir. Xatırladaq ki, Birləşmiş Ştatlar  müxtəlif iddialar səsləndirərək Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılmış genişmiqyaslı sanksiyaları bərpa etdi. Təbii ki, ixracdan gələn neft gəlirlərinin azalması İran iqtisadiyyatına özünün mənfi  təsirlərini göstərir.

Bundan əlavə,  İrandan Rusiyaya müxtəlif növ silahların, o cümlədən pilotsuz uçuş aparatlarının, kamikadze dronların satılmasını təsdiqləyən faktlar da İranı yenidən kollektiv Qərbin sanksiyalarının ünvanına çevirdi. Kollektiv Qərb, həmçinin İranda insan haqları ilə bağlı bəzi nazirlərə, əxlaq polisinə və digər yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib. 2023-cü ilin əvvəlindən Avropa İttifaqı insan hüquqlarını pozduğuna görə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) da sanksiya tətbiq edib.

Bugünlərdə isə Avropa İttifaqının dövlət və hökumət başçıları Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə İrana qarşı sanksiyaları genişləndirmək qərarına gəliblər. Buna səbəb İranın İsrailə qarşı raket hücumlarıdır. Xarici KİV-lərin məlumatına görə, bu, 27 dövlət və hökumət başçısının Avropa Parlamentinə seçkilər ərəfəsində son görüşüdür. Görüşdə Avropa İttifaqına seçkilərin müzakirə olunacağı gözlənilirdi. Lakin İranın İsrailə hücumu planı dəyişdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vurğulayıb ki, Aİ İrana qarşı mövqeyində yekdildir. “Biz bu hücumu pisləyirik. Biz sanksiyalar tətbiq edəcəyik və regionda mülki əhalini müdafiə etmək üçün əlimizdən gələni etmək niyyətindəyik”, - deyən diplomat yeni sanksiyaların pilotsuz təyyarə və raket istehsal edən İran şirkətlərini hədəfə aldığını əlavə edib.

ABŞ ilə razılaşdırılmış paketdə İranın aparıcı hərbi xadimlərinə sanksiya tətbiq olunub. Böyük Britaniya və ABŞ, həmçinin İranın pilotsuz uçuş aparatı (PUA) və raket istehsalı sahəsində fəaliyyət göstərən əsas şəxslərinə və qurumlarına qarşı da bir sıra sanksiyaların tətbiq olunduğu elan edib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və İran Silahlı Qüvvələrinin Baş Qərargahı da sanksiyalara məruz qalan qurumlar arasındadır.

Böyük Yeddilik Qrupu (G7) ölkələrinin liderləri isə Yaxın Şərqdəki tərəfləri eskalasiyadan çəkinməyə, növbəti qarşıdurmanın qarşısının alınmasının vacibliyini vurğulayaraq, tərəfləri regionda gərginliyi artırmağa yönəlmiş hərəkətlərdən çəkinməyə çağırıb. Böyük Yeddilik Qrupu (G7) ölkələrinin liderləri İranın hücumlarından sonra İsrailə tam həmrəylik və dəstək ifadə ediblər və Tehranı sabitliyi pozan hərəkətlərini davam etdirəcəyi təqdirdə tədbir görəcəkləri ilə hədələyiblər.

N.BAYRAMLI

Seçilən
68
39
Mənbələr
Şərh ()
Bağla