AZ

Qondarma “soyqırımı” iddiasında yeni ştrixlər...

Paşinyan siyahı tərtib edilməsini istəyir

Məlum olduğu kimi, hər il aprelin 24-ü ərəfəsində “erməni kartı” üzərindən Türkiyəyə və Azərbaycana qarşı “təzyiq” formalaşdırmağa çalışan bəzi qüvvələr öz qondarma iddialarını yenidən aktuallaşdırmağa çalışır. Ermənipərəst mövqedən çıxış edən, yaxud “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan bu beynəlxalq siyasi dairələrin, imperialist mərkəzlərin öz korporativ maraqlarına fokuslandığı sirr deyil - onlar üçün “erməni məsələsi” öz hədəflərinə doğru yolda bir alətdir.

Amma deyəsən, ermənilərin də qondarma iddiaya baxışında yeni ştrixlər meydana çıxıb. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verdiyi bildirilir. Baş nazir hadisələrdə həyatını itirən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Ermənistan Milli Məclisi Müdafiə komitəsinin sədri Andranik Koçaryan deyib ki, Nikol Paşinyan “soyqırımına” aid real əsaslar yaratmaq, “soyqırımına” məruz qalan soydaşların daha obyektiv siyahısının tərtib olunmasını istəyir:

“Paşinyanın məqsədi soyqırımı ilə bağlı “real təməllər” qurmaqdır. Bu, bizim 1,5 milyon soydaşımızın hər birinin ünvanlarını və yerlərini bilmək üçün sadə bir məqsəddir. Həmçinin gələcəkdə qonşularla münasibətlərimizin qurulması üçün çox vacibdir. 1.5 milyon, 2 milyon və ya bundan az, tam dəqiqləşdirilmə olmalıdır. Əgər biz bunu sənədləşdirməsək, qarşı tərəf həmişə deyəcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də”.

O, siyahı tərtib olunandan sonra həmin adamların adlarının Soyqırım Muzeyinin divarlarına həkk edilməsini əlavə edib.

Xatırladaq ki, bu məsələ bir müddət öncə baş nazir Paşinyanın ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının gənclik qolu ilə görüşündə səsləndirilmişdi. Həmin görüşdə Paşinyan 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” sözündən bir dəfə də istifadə etməmişdi, bunun əvəzinə “böyük faciə” və “qırğın” sözlərini işlətmişdi. Paşinyanın bu çıxışı Ermənistan ictimaiyyətində və KİV-də böyük qalmaqala səbəb olmuşdu. Hökumətin qondarma iddia ilə bağlı yeni yanaşmasını “çox təhlükəli” adlandıranlar da var. Onlar deyir ki, bu inkar tezisidir və bunu türklər ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxıb. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini Türkiyədən tapşırıq almaqda ittiham edənlər də az deyil.

Terror təşkilatları fəaliyyətə başladı...

Xatırladaq ki, 1880-ci illərdən başlayaraq, Şərqi Anadoluda erməni komitələri qurulmağa başlayır. Komitələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə Osmanlı sərhədlərindən kənarda erməni terrorçu təşkilatları quruldu. Anadoludan kənarda qurulan “Hnçak”, “Daşnak”, “Ramqavar”, “Silahlılar Cəmiyyəti”, “Ermənistana Doğru Cəmiyyəti”, “Gənc Ermənistan Cəmiyyəti”, “Qara Xaç Cəmiyyəti” kimi təşkilatlar Anadoluda aktiv fəaliyyət göstərməklə erməni əhalisini dövlətə qarşı silahlı üsyanlara, müsəlman əhalinin qətlinə sövq etdi. Belə ki, 1887-ci ildə Cenevrədə “Hnçak”, 1890-cı ildə Tiflisdə daşnak komitələri yaradıldı. Bu terrorçu təşkilatlar “Anadolu torpaqlarının və Osmanlı ermənilərinin xilas edilməsi” vəzifəsini qarşılarına məqsəd qoymuşdular. Öz fəaliyyətlərini İstanbula və Anadoluya yayan bu təşkilatlar erməni məsələsinə Qərbin daha çox diqqətini cəlb etməyə çalışırdılar.

Ermənilərin ilk üsyanı 1890-cı ildə Ərzurumda gerçəkləşdi. Bunun ardınca, həmin il Qumqapı nümayişi, 1892-93-cü illərdə Kayseri, Yozqat, Çorum və Merzifon hadisələri, 1894-cü ildə Sasum üsyanı, Babıali nümayişi və Zeytun üsyanı, 1896-cı ildə Van üsyanı və Osmanlı Bankının zəbt olunması 1903-cü ildə ikinci Sasun üsyanı, 1909-cu ildə Adana üsyanı sıralandı. Təkcə 1895-ci il ərzində Osmanlı imperiyasının Anadolu bölgəsinin 24 mühüm şəhərində mütəşəkkil olaraq eyni vaxtda və bəzən bir-birinin ardınca “Hnçak” və digər erməni komitələri üsyanlar və iğtişaşlar həyata keçirdilər. Üsyanlar zamanı erməni silahlıları yaxınlıqdakı müsəlman kəndlərinə basqın edir, evləri yandırır, əhalini öldürürdülər. 1895-ci ilin iyulunda İstanbulda hnçakçılar müsəlman uşaqların oxuduğu məktəbi, 30 evi, 20 dükanı, avqust ayında Amasiyada 58 evi, 165 dükanı yandırdılar. Mənbələrə görə, təkcə 1895-ci ildə öldürülənlərin sayı 10617 nəfər olub. Üsyan adlandırılmasına baxmayaraq, ermənilərin türklərə qarşı törətdikləri əməllər faktiki olaraq soyqırımı idi. 1895-1896-cı illərin Zeytun qırğınında iştirak edən bir erməni gündəliyində qeyd edir: “Üsyan ərzində türklər 13 min əsgər, onlarla bərabər 20 min dinc insan itirdilər, biz isə 125 nəfəri itirdik”.

Erməni xəyanəti...

I Dünya müharibəsi illərində “Böyük Ermənistan” xülyası ilə Osmanlı dövlətinə xəyanət edərək düşmən cəbhəsinə qoşulan ermənilərin özbaşınalığı daha da artdı. 1915-ci ildə rus orduları Şərqi Anadoluya daxil olması ilə erməni silahlı dəstələri Van, Bitlis, Ərzurum, Ərzincan, Qars və bir çox başqa vilayətlərdə amansız qırğınlar törətdilər, bəzi vilayətlər yerlə-yeksan edildi. O zaman S.C.Şou yazırdı: “...bütün müharibə ərzində ən dəhşətli qırğın başladı. Milyondan çox müsəlman kəndli camaatı öldü... Ərzincana doğru çəkilən Osmanlı ordusu ilə birlikdə getməyə cəhd edən minlərlə qaçqın yolda tikə-parça edildi...”

1915-ci il aprelin 24-də ölkədə qarışıqlıq yaradan, erməniləri silahlandıraraq, türklərin yaşadığı kəndləri məhv etməyə yönəldən erməni komitələrinin fəaliyyəti dayandırıldı. Dövlət əleyhinə fəaliyyətdə ittiham olunan komitələrin 2345 nəfər rəhbəri və fəal üzvü həbs olundu. Göründüyü kimi, ermənilərin bütün dünyaya car çəkərək qondarma “erməni soyqırımı”nı anma günü kimi qeyd etdikləri 24 aprel tarixi, əslində, dövlətə xəyanət edən, dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədən erməni komitələrinin aparıcı şəxslərinin həbs olunduğu gündür. Bu tarixin, hətta ermənilərin “soyqırımı” kimi təbliğ etdiyi köçürülmə tədbiri ilə də birbaşa əlaqəsi yoxdur.

Şərqi Anadoluda yaşayan ermənilərin üsyan və qırğınlarda geniş iştirakını nəzərə alan Osmanlı hökuməti 27 may 1915-ci ildə onların müharibə zonasından uzaq ərazilərə - Anadolunun içərilərinə, eləcə də, Suriyaya köçürülməsini nəzərdə tutan qərar qəbul etdi. Bir neçə aydan sonra Məclisdə təsdiq olunan qanunda “silahlı qüvvələrin əleyhinə casusluq və xəyanətləri aşkara çıxarılan kənd və qəsəbələrin başqa bölgələrə yerləşdirilməsi”nin vacibliyi qeyd olunur, hətta hər hansı etnik qrupun, o cümlədən, ermənilərin adı çəkilmir. Qanunda qoyulan şərtlər və tələblər Osmanlı dövlətinin xəyanətkar topluma münasibətdə humanist mövqeyini gözlər önünə sərir.

Anadoluda yaşayan ermənilərin sayı...

Qərarın müharibənin qızğın çağında Osmanlı dövlətinin olduqca çətin durumda olduğu bir vaxtda qəbul edilməsinə baxmayaraq, hökumət böyük miqdarda xərc tələb edən bu tədbirləri sistemli şəkildə həyata keçirdi. Lakin ermənilər həmin dövrdən bu hadisəni “soyqırımı” kimi qələmə verməyə başladılar. Elə bu məsələdə ermənilərin fikirləri bir-birilə ziddiyyət təşkil edir. Məlum olduğu kimi, hazırda erməni lobbisi 1915-ci il köçü zamanı 1,5 milyon erməninin qətlə yetirildiyini iddia edir. Halbuki, həmin dövrün erməni, türk və digər mənbələrin irəli sürdükləri rəqəmlər əsasında I Dünya Müharibəsi ərəfəsində Anadoluda 1,2-1,4 milyon erməninin yaşadığı məlum olur. Erməni tarixçisi C. Kirokosyanın məlumatına görə, ermənilərin üçdə ikisi köçürülməyə məruz qalıb. Bu isə köçürülən ermənilərin ümumi sayının 1 milyondan da az olduğunu deməyə əsas verir. Belə olan təqdirdə 1,5 milyon erməninin öldürülməsi necə mümkün ola bilərdi? Buradan da görünür ki, Türkiyəyə yönəldilən qondarma “erməni soyqırımı” iddiaları həqiqətdən uzaq olmaqla bərabər, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi ölkələrin siyasi ambisiyalarına xidmət edir.

Ermənistanın hazırki siyasi rəhbərliyi isə məsələyə yeni yanaşma sərgiləmək istəyir - bunun nə dərəcədə səmimi olması şübhə doğursa da, Paşinyanın söylədikləri yeni mahiyyətdir. Məlumdur ki, bir neçə gün öncə Ermənistan ilə Azərbaycan arasında 4 kəndin qaytarılması ilə bağlı razılıq əldə edilib və kəndlərin aprelin 24-də qaytarılması gözlənilir. Ermənistan “yeni mərhələ”yə keçid üçün, qonşuları ilə normal münasibət yaratması üçün, ən əsası isə özünü müstəqil  dövlət kimi xarakterizə etmək üçün mütləq şəkildə bu kimi qondarma iddialarından əl çəkməlidir...

S.İSMAYILZADƏ

Seçilən
38
23
Mənbələr
Şərh ()
Bağla