AZ

Yığmamızın oyunçusu: “Avropadan təkliflər gəlir, çox variant var” - MÜSAHİBƏ

“Azərreyl”in voleybolçusu Andrey Melnikov Azərbaycan çempionatının final oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, komandasının ilk ölkə çempionluğunda pay sahibi olan oyunçu “Abşeron” üzərində 3:2 hesablı qələbəni şərh edib.

- 5 set davam edən oyunda çətin qələbə qazandız. Matç sizin üçün necə keçdi?

- Qarşılaşma çox gərgin mübarizədə keçdi. Hər iki komanda yoruldu. Biz son 4-5 gündə görüşə səylə hazırlaşmışdıq. Bütün komanda yorğundur. Buna baxmayaraq, xarakter göstərdik və oyunun sonunda rəqibin müqavimətini qıra bildik.

- Matçın tay-brekə qədər uzanacağını gözləyirdiz?

- Əslində, gözlənilən idi. Hamı tay-brekə hazırlaşmışdı. Hər kəs gözəl başa düşürdü ki, matç 3:0 və ya 3:1 hesabı ilə bitməyəcək. Çox çətin oyun olacağını yaxşı dərk edirdik. Biz buna hazır idik.

- Mövsümün əvvəlindən siz daha yaxşı çıxış edirdiz. Amma bu gün bərabər oyun keçdi. Bunun səbəbi nə idi?

- Böyük fiziki yükləmə bizə təsir etdi. Çünki son iki gündə biz çox məşq keçmişdik. Üstəlik, oyun günü səhər də hazırlıq prosesi oldu. Görüş də kifayət qədər tez - saat 4-də başladı. Komanda səhər məşqindən sonra bərpa olmağı çatdırmadı. Hamı meydanda maksimum gücünü qoydu, bütün qüvvəsini səfərbər etdi. Bunun da nəticəsi qələbə oldu.

- Növbəti mövsüm üçün planlarınız necədir?

- Avropadan təkliflər gəlir. Kifayət qədər çox variant var. Amma əlbəttə ki, burada qalmaq istəyərdim. Çünki mən yerli oyunçuyam. Bu üzdən də ölkəmizdə qalmağa üstünlük verərdim.

- Qarşıda Azərbaycan millisini Qızıl Avropa Liqasında çətin sınaq gözləyir. Turnirdən gözləntiniz necədir?

- Qızıl Avropa Liqasında bizə çox ağır olacaq. Çünki bütün iştirakçılar yüksək səviyyəyə malikdir, dünya və Avropa çempionatlarında oynamış komandalardır. Bu üzdən bizə ağır olsa da, öz maksimumumuzu göstərməyə çalışacağıq.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla