AZ

“Çalışacağam ki, onlar da tezliklə azadlığa çıxsınlar” – Qubad İbadoğlu


“Dəfələrlə müraciət etmişdik və bizi ev dustaqlığına buraxmamışdılar, həbs qətimkan tədbirini qüvvədə saxlamışdılar. Amma artıq istintaq başa çatandan sonra, bildiyiniz kimi, bir həftə bundan əvvəl ibtidai istintaqın yekunlaşması ilə bağlı biz müstəntiqdən məlumat aldıq. Ondan sonra ilk dəfə idi ki, ev dustaqlığı üçün müraciət olundu və bu da təmin olundu”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Abzas Media”ya ötən gün – aprelin 22-də evdustaqlığına buraxılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu deyib.
O bildirib ki, ona qarşı irəli sürülən ittihamlar saxtadır:
“Mən hər gün azadlıq gözləyirdim, çünki bilirdim ki, əməlimdə cinayt işi yoxdur. Hökumətin etdiklərini nə iləsə kompensasiya etmək mümkün deyil, çünki yalnız səhhətimə deyil, bütövlükdə mənəvi,  psixoloji, fiziki durumuma və yalnız özümə deyil, həm də ailəmə və dostlarıma, əqidə yoldaşlarıma münasibətdə təsirlər var. Amma bu baxımdan düşünürəm ki, onlar özləri də səhhətimdə baş verən dəyişiklikləri izləyirdilər. Görünür, onlar özləri də başa düşdülər ki, o şəraitdə mənim sağlamlıq problemləmlərimi aradan qaldırmaq mümkün deyil. Çünki yalnız həkim və yaxud da dərman burada yetərli deyil. Çünki oradakı şərait, mühit, izolyasiya və təcridxananın qaydaları bütövlükdə mənim səhhətimdə olan xəstəliklərin daha da şiddətlənməsinə gətirib çıxardı”.
Q. İbadoğlu deyib ki, “AbzasMedia”, “Toplum TV” və “Kanal 13” işində təqsirləndirilən jurnalistlərin azad olunması istiqamətində öz səylərimi həyata keçirəcək:
“Əlaqələrimdən istifadə edəcəyəm və çalışacağam ki, onlar da tezliklə azadlığa çıxsınlar. Amma bununla əlaqədar həm də mən yerli və beynəlxalq ictimaiyyətə də mesajımı vermək istəyirəm ki, biz fəaliyyətimizi daha da genişləndirməliyik və maksimum tez bir müddətdə onların azadlıqlarına nail olmalıyıq. Çalışmalıyıq ki, siyasi məhbuslarsız bir Azərbaycan dövlətinin vətəndaşları kimi bu problemi bitirək”.
Qeyd edək ki, ötən gün Nərimanov rayon məhkəməsinin qərarı ilə Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu ötən il iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.
İstintaqın gedişində - avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.
Ötən il, noyabrın 16-da və bu il fevralın 15-də məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.
Aprelin 18-də isə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.
Seçilən
48
50
Mənbələr
Şərh ()
Bağla