AZ

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

Bakı, 23 aprel, AZƏRTAC

2024-2025-ci tədris ilindən “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə onlayn görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən bildirilib. Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.

Görüşdə bildirilib ki, “Rəqəmsal bacarıqlar” layihəsi şagirdlərdə alqoritmik düşüncənin, layihə işləmə bacarıqlarının və məntiqi inkişafın, proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədi daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

Tədbirdə “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində lazımi dəstəyin göstərilməsi üçün məktəb rəhbərliyinin üzərinə düşən vəzifələr barədə danışılıb. Qeyd olunub ki, 2021-2022-ci tədris ilindən etibarən layihə çərçivəsində təhsilini İT sahəsi üzrə davam etdirmək istəyən 10-cu sinif şagirdləri üçün informatika fənninin dərindən tədris olunduğu təmayül siniflər açılıb.

Sonda layihənin icrası ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzularla bağlı fikir mübadiləsi aparılıb.

 

 

 

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla