AZ

WSJ: Tramp ABŞ prezidenti kimi Ukraynanı Rusiyanın bir hissəsi adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı kimi tez-tez Ukraynanı korrupsiyaya görə tənqid edir, həmçinin Rusiyanın ölkənin bəzi hissələrinə iddialarını dəstəkləyirdi.

HİT.az xəbər verir ki, bunu "The Wall Street Journal" prezident administrasiyasının indiki və keçmiş əməkdaşlarına istinadən yazıb.

Tramp 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək prezident vəzifəsini icra edib. Nəşr yazır ki, Ağ Evdəki görüşlərdə və xarici liderlərlə danışıqlarda siyasətçi dəfələrlə Ukraynanı "tamamilə korrupsione" və "dəhşətli insanlarla dolu" ölkə adlandırıb.

WSJ-nin məlumatına görə, 2017-ci ildə Almaniyada Rusiya prezidenti Vladimir Putinlə ilk görüşündən sonra Tramp Vaşinqtonun Kiyevi dəstəkləməsindən narazılığını bildirib və Avropa liderləri ilə söhbətində bu ölkəni "sizin Ukraynanız" və "Rusiyanın bir hissəsi" adlandırıb.

Trampın keçmiş müşaviri Fiona Hill də keçmiş prezidentin Ukraynanı "Rusiyanın bir hissəsi" hesab etdiyini bildirib. O, bunu "To Defend the West" (Qərbi müdafiə etmək) kitabından götürüb. "Tramp açıq şəkildə bildirdi ki, Krım Rusiyanın bir hissəsi olmalıdır. O, həqiqətən də Ukraynanın müstəqil dövlət olması fikri ilə barışa bilmirdi", deyə Hill bildirib.

Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin fevralında genişmiqyaslı hərbi əməliyyatlar başlamazdan əvvəl demişdi ki, Rusiya üçün Ukrayna tarixin, mədəniyyətin və mənəvi məkanın ayrılmaz hissəsidir.

Tramp bundan əvvəl bir neçə dəfə dövlət başçısı seçiləcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında silahlı münaqişəni 24 saat ərzində həll edəcəyinə söz verib. "Washington Post" qəzetinin yazdığına görə, siyasətçinin planı Krımı və Donbası Moskvaya vermək üçün Kiyevə təzyiq göstərməkdən ibarətdir. Tramp kampaniyası bunu saxta xəbər adlandırıb. Eyni zamanda siyasətçinin özü də etiraf edib ki, Ukrayna döyüşləri dayandırmaq üçün ərazisinin bir hissəsini Rusiyaya verməli olacaq. Ukrayna prezidenti Volodimir Zelenski Trampın bacarıqlarına şübhə ilə yanaşdığını bildirib.

Samir

Seçilən
149
6
Mənbələr
Şərh ()
Bağla