AZ

Firuzə İbadova: “Cavanşirin ürəyində dörd "stendi" var idi” - VİDEO 

"Cavanşir mənim üçün çox dəyərli idi. Nazımı çəkən dost idi. Çox alicənab idi. Musiqi mədəniyyətinə layiqincə töhfələr vermişdi. O, çox dəyərli musiqiçi idi. Sənətini çox sevirdi. Hər kəsin fikrinə çox dəyər verirdi".

Bu sözləri Əməkdar artist Firüzə İbadova bu gün qəfil dünyasını dəyişən duet ortağı Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi zamanı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi bildirib ki, Cavanşir ölümündən əvvəl xanımı ilə birgə ona baş çəkmək istəyib:

"Sonuncu dəfə mənimlə söhbət edərkən Cavanşir yalnız musiqidən danışırdı. Uzun zamandır ki, mən özüm müalicələr alıram. Hətta bu gün Cavanşir həyat yoldaşı Xalidəyə deyib ki, “Firüzə xanımla danış, gedək ona baş çəkək”. Onun ölümü bir saniyə, bir an çəkib. Ona görə deyirlər ki, “dünya fani, ölüm ani"”.

F.İbadova C.Məmmədovun ürəyidə problemlərin olduğunu vurğulayıb:

"Cavanşirin ürəyində dörd "stendi" var idi. O, çox açıq insan idi. Ailəsindən heç bir gizlin sözü yox idi. Cavanşir çox səmimi bir insan idi. Ürəyində nə var idisə, dilində idi. Ürəyi çox təmiz idi. Kiminsə qəlbinə də dəyəndə də həmən də çox üzülürdü ki, “qəlbinə dəydim”. Sonra “bağışla” deyirdi".

Qeyd edək ki, C.Məmmədov bu gün saat 12:05 radələrində evində ürəktutmasından vəfat edib.
 

Rəşad Əliyev, Bizim.Media
 
Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla