AZ

“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”

“Mən elə hamının yanındaca  DTK rəhbəri Yemelyanova belə cavab verdim: “Bəsdir, yoldaş Yemelyanov! Təxribatla məşğul olmayın...”

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov özünün “Bir ömrün salnaməsi” kitabında  Mingəçevir su elektrik stansiyasının tikintisinə rəhbərlik etdiyi zaman SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin tapşırığı ilə həmin tikintidə çalışan ən bacarıqlı, peşəkar mütəxəssislərin haqsız və müəmmalı həbslərinə qarşı apardığı mübarizədən, bu mövzuda respublikadakı məmurların, demək olar ki, hamısının qarşısında tir-tir əsdiyi keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri(1933-1953) Mir Cəfər Bağırovun önündə cəsarətlə, çəkinmədən danışmasından bəhs edib. 

Aktuallığını nəzərə alaraq sözügedən həmin epizodun ən maraqlı parçalarını Moderator.az oxucularının nəzərinə çatıdırırıq:

(Əvvəli burada: )
 
“...Üzünün ifadəsindən anladım ki, Bağırov bütün bunlardan xəbərsiz imiş...
 
Vəziyyətin dəyişdiyini görüb daha da ürəkləndim. Gəlib yaxında dayandım. Qafarzadə aşağıdan əlini uzadıb baldırımı çimdiklədi, şalvarımı dartdı ki, belə danışmayım. Bağırov döndü Yemelyanova baxdı:
 
-İndi həmin adamlar orada yatırlar?
 
Yemelyanovu tər basdı, rəngi sapsarı saraldı.
 
-Yoldaş Bağırov, siz bilirsiz ki...,- deyə kəkələdi. Bağırov onun üstünə qışqırıb ən pis sözlərlə söyə-söyə dedi:
 
-Bu gecə bütün o adamları yığırsan bir yük vaqonuna, parovozu qoşub göndərirsən inşaat meydanına. Onların əvəzinəsə bunu basarsan dama!- deyib əli ilə məni göstərdi. Mən də dodaqucu gülümsəyib dedim:
 
-Hə, olar... Böyük mühəndislər getsin tikintiyə... Eybi yox,  məni basın türməyə - onların yerinə...
 
Bağırov qayıdıb kinayə ilə mənə belə dedi:
 
-Sultan bəy! Sən məni hələ pis tanıyırsan!(Tı menya yeşyo ploxo znayeş).
 
(Əvvəlcə başa düşmədim ki, bu “Sultan bəy” kimdir, respublika rəhbəri kimi nəzərdə tutur... Sonralar bilmişəm ki, Bağırov məni əsrin əvvəllərində Azərbaycana basqın edən ermənilərin yolunu kəsmiş Laçınlı Sultan bəyə bənzədirmiş...)
 
Daha sonra Bağırov dedi:
 
-Qurtardın sözünü?
 
Cavab verdim:
 
-Yox, yoldaş Bağırov!.. Mingəçevirdə vaxtı qurtarmış dustaqlar hər gün yola salınmalıdırlar. Lakin rəis onların sənədlərini vaxtında hazırlayıb vermir. Onların nə yataqxanası, nə də yemək-içməyi var. Rəis onların sənədlərini vaxtında vermədiyindən çıxıb oğurluq etməli olurlar, adam öldürürlər. Vəziyyət çox mürəkkəbdir...
 
Bağırov üzünü tutdu daxili işlər naziri Atakişiyevə:
 
-Atakişiyev, bəs sən mənə dedin ki, Zaqataladan gələndə yolda Mingəçevirə dönüb bütün bu məsələləri həll etmisən? Sən bu işi belə həll eləmisən?!
 
Bundan sonra da adama nə qədər pis, murdar söz demək mümkündürsə, hamısını dedi və mənə tərəf dönüb soruşdu:
 
-Qurtardın?
 
-Yox! İcazə verin, arxasını davam etdirim(Qafarzadə də bu yandan qıçımı  çimdikləməkdəydi)...
-Yoldaş Bağırov, biz Mingəçeviri bir il qabaq təhvil vermək istəyirik. Mən Moskvada enerji naziri Jmerinə demişəm. Amma sizin də işə qarışmağınız bu məsələni sürətləndirər. Bizə 60 yük maşını lazımdır, gələn ilin birinci kvartalının hesabına. Gələn il maşınlardan istifadə edə bilməyəcəyik. Çünki o vaxt Kür daşacaq və iş ya yaya qalacaq, ya da qışa... Bizə maşınları indi versinlər, bizim gələnilki payımızı başqasına...
 
Bu sözdən sonra Bağırov tamam sakitləşdi.  Fikrim xoşuna gəlmişdi. Qaydııb İslamzadəyə bir divan tutdu ki... “Sən orada kimsən? Bəs belə məsələləri sən niyə qaldırmırsan? De görüm, axı sən kimsən? Sənin atanın balıq dükanları var. Qardaşın da balıq sənayesi naziridir. Onun  gətirdiyi balıqları atan dükanda satır. Sən kimsən orada?” Daha nə sözlər demədi ona! Öz-özümə deyirdim: “Xudaya, nə bəla idi, mən düşdüm?!.”
 
Bağırov oradakılara dedi:
 
-Siz sabah hamınız gedirsiniz Mingəçevirə.  Hüseynovun qaldırdığı məsələləri həll edirsiniz! Bax, sən də - mənə tərəf döndü, -telefonda zəng vurub hamısını deyirsən, məlumat çatdırırsan mənə...
 
Fikrimi saxlaya bilmədim:
 
-Baş üstə, yoldaş Bağırov. Mən sizin dediklərinizi edirəm. Amma sizin köməkçiniz Novikovanın bizi calaşdırması mümkün deyil. İndi hansı əziyyətlə sizin qəbulunuza düşdüyümü danışmadım...
 
Qapıdan çıxanda Qafarzadə mənə dedi ki, kabinetimə gəl. Getdim, mənə nələr demədi:
 
-Ay yetim! Ay evin tikilsin! Sən bilirsən, bunlar səni dərini necə didəcəklər?! Xəbərin var ki, sən bunlara itihamnamələr oxudun?! Gör onlara nələr edin?!.
 
Mənim cavabım: 
 
-Niyə günahsız adamları tuturlar?! Böyük mütəxəssislər niyə həbsxanada yatsınlar?!
 
Qafarzadə eyni qızğınlıqla mənə deyirdi:
 
-Bu işi görən təkcə DTK-dır?  Xəbərin varmı ki, bu işi görənlər kimlərdir? Bu bir zəncirvari reaksiyadır! Sən onun altından necə çıxacaqsan?
 
Fikirləşib gördüm ki, doğrudan da, o, məni istədiyindən belə deyir. Cavab verdim:
 
-Yoldaş Qafarzadə, mən fikrimi gizlədən adam deyiləm. İnsanlar can-başla işlədikləri üçün həbsə düşsünlər, sonra da Kuybışevə köçürülsünlər? Bu, insan ləyaqətinə yaraşmaz! Mən bunu gizlədə bilmərəm. Kimdir Mityukov? Kiçik leytenant! Bir avaranın sözü ilə bu qədər adam həbs olunsun?!
 
-Bu dəfə sovuşdu. Allah eləsin, elə olsun ki, sən bu işdən yaxanı qurtarasan...
 
Səhər yığışıb Mingəçevirə gəldilər. Sumbatzadə ilə Teymur Quliyevdən başqa hamı Bağırovun göstərişlərini yerinə yetirmək üçün mənim Mingəçevirdəki torpaq kabinetimə yığışmışdı. Yemelyanovun birinci sözü bu oldu: “Nədi, bizdən xoşun gəlmir?” Mən də elə hamının yanındaca  DTK rəhbərinə cavab verdim: “Bəsdir, yoldaş Yemelyanov! Təxribatla məşğul olmayın. Bizə tapşırıq veriblər. Gəlin hamımız tapşırıqları yerinə yetirək”. Bununla da söhbət qurtardı... 
 
Şübhəsiz, bu gəlişlə Mingəçevir həyatında bir dönüş yarandı. Hər işə yeni münasibət göstərildi...
 
Bakıda həbsxanada yatan mütəxəssislərimizlə inşaatda görüşdüm. Yayın istisində xeyli müddət zirzəmidə qaldıqlarından rəngləri kağız kimi avazımışdı. Hamısı Mingəçevirə necə qaytarıldıqlarını bilirdi. Bir-bir yanıma gəlib deyirdilər ki, bizdən ötrü böyük cəza çəkəcəksən, bunlar səni sakit buraxmayacaqlar.  Mən də hamısına eyni sözü deyirdim: “Siz narahat olmayın. İşinizdən də qalmayın.  Mingəçevirin tikintisini nöqsansız başa vurmalıyıq. Bizim əsas vəzifəmiz budur. Sizdən xahiş edirəm, əvvəlki kimi canı-dildən işləyin, çalışın”... 
 
K.Hüseynov. “Bir ömrün salnaməsi”. S. 48-52.
 
Təqdim etdi:
 
Sultan Laçın
 
 
Seçilən
175
37
Mənbələr
Şərh ()
Bağla