AZ

BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC 2024) adlı II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub.
 
Moderator.az xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti və BDU-nun Qazax filialının birgə təşkilatçılığı ilə keçirilib.
 
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov qeyd edib ki, Azərbaycanda inklüziv təhsilin təşkili sahəsində mühüm işlər görülüb və müvafiq qanunvericilik bazası formalaşdırılıb. Bu baxımdan 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən “2018-2024-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” böyük əhəmiyyətə malikdir. Dövlət Proqramında sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı məsələlər mühüm yer tutur. Arif Rüstəmov bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi rolu olduğunu da vurğulayıb.
 
BSU rektoru Anar Nağıyev konfransın sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası ilə bağlı gələcək addımları müəyyənləşdirmək məqsədini daşıdığını bildirib. Qeyd edib ki, inklüziv təhsil istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsilalma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaradır.
 
BDU-nun prorektoru Şahin Pənahov öz çıxışında ölkəmizdə inklüziv təhsil mühitinin  yaradılmasından bəhs edib, təhsilin hamı üçün əlçatan olmasının əhəmiyyətini vurğulayıb. O, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili məqsədilə təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsinin vacibliyini vurğulayıb.
 
BSU-nun Təhsil fakültəsinin dekanı Sevinc Axundova, BDU-nun Ümumi pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə təhsil sektorunun müdiri Ruslan Rzayev çıxışlarında inklüziv təhsil sahəsində görülən işlərdən söz açıblar.
 
Sonra məruzələr dinlənilib. BDU-nun Qazax filialının Pedaqoji fakültəsinin dekanı Hamlet İlyasov “Fiziki məhdudiyyətli şagirdlərlə fiziki tərbiyə fənninin təşkili”, Pedaqoji fənlər kafedrasının baş müəllimi Lamiyə Hacımuradova “Azərbaycanda inklüziv təhsilin inkişafı”, BSU-nun İbtidai təhsil kafedrasının baş müəllimi Arzu Məmmədova “Ali təhsil müəssisələrində inklüziv təhsilin məzmununun təkmilləşdirilməsi”, Gəncə Dövlət Universitetinin müəllimi Göyçək Pirverdiyeva “İnklüziv təhsili vacib edən əsas xüsusiyyətlər”, Qazax filialının müəllimlərindən Ayşən Qasımova “Sağlamlıq imkanları məhdud olan uşaqların sosiallaşması və cəmiyyətə inteqrasiyası”, Nuridə Quliyeva “İnklüziv siniflərdə ibtidai sinif şagirdlərinin sosiallaşması”, Vəfa İlyasova “İnklüziv təhsilin məktəb səviyyəsində təşkilinə verilən tələblər”, Gövhər Məmmədtağıyeva “İnklüziv siniflərdə autizm spektrli şagirdlərin adaptasiyası“, Ələviyyə Ömərova “İnklüziv siniflərdə tədrisin təşkili”, Gülnar Abdullayeva “İnklüziv təhsilin əsas partnyorları” və Aybəniz Murğuzova “İnklüziv təhsilin əmək bazarına uyğunlaşdırılması” mövzularında məruzə ilə çıxış ediblər.
 
Tədbirin sonunda bölmə iştirakçılarına sertifkatlar təqdim edilib.
Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla