AZ

“Vitess” 18 xalından məhrum edildi – elitanı tərk edəcək

Niderland Kral Futbol İttifaqının (KNVB) müstəqil lisenziya komitəsi “Vitess”i Erediviziyanın yarış cədvəlində 18 xalından məhrum edib.

Arena.az bu barədə Niderland Erediviziyasının rəsmi saytına istinadən məlumat verir.

Müvafiq cərimənin səbəbi “Vitess”in Niderland Erediviziyasının lisenziya qaydalarına əməl etməməsidir.

Bu cərimədən sonra sözügedən komanda 30 turdan sonra Erediviziyanın yarış cədvəlində sonuncu, 18-ci pilləyə yuvarlanıb, üstəlik xal hesabı -1-ə düşüb. Milli birinciliyin başa çatmasına isə 4 tur qalıb. Bu mənzərədə “Vitess”in çempionatda öz yerini qorumaq üçün indi heç riyazi ehtimalı belə, yoxdur. Arnem təmsilçisi Erediviziyada qalmaq üçün ələmə oyunlarına vəsiqə verən 16-cı pillədə qərarlaşmış “Valveyk”dən 25 xal geridədir.

Beləliklə “Vitess” 35 ildən sonra ilk dəfə Erediviziyanı tərk edəcək. Üstəlik, “sarı-qaralar” klubun rəsmi internet saytı üzərindən, bu qərardan apellyasiya şikayəti vermək niyyətində olmadıqlarını artıq açıqlayıblar. Klubun müvəqqəti direktoru Edvin Reyntyesin sözlərinə görə, bunun müqabilində klub lisenziyasını saxlamaq imkanı əldə edəcək.

Xatırladaq ki, daha öncə, “Vitess”ə növbəti mövsümə lisenziya verilməyəcəyi və klubun süqut təhlükəsi ilə üzləşdiyi haqda məlumat yayılmışdı.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla