AZ

Joao Kanselo PSJ ilə ÇL matçından sonra təhdidlər almaqdadır

“Mançester Siti”dən 1 illik icarə əsasında “Barselona”da çıxış edən potuqal sağ cinah müdafiəçisi Joao Kanselo xoşagəlməz vəziyyətə düşüb.

Arena.az “Sports.es” dərgisinə istinadən məlumat verir ki, Kanselo Çempionlar Liqasının 1/4 finalının PSJ ilə Barselonada keçirilmiş cavab oyunundan sonra çoxlu təhdidlər almağa başlayıb.

Belə ki, təhdidlər məhz Kanselounun qayda pozuntusuna yol verməsindən sonra “blauqrana”nın qapısına penalti təyin edilməsi ilə bağlıdır. 59-cu dəqiqədə Kanselo parislilərin fransalı vingeri Usman Dembeleyə qarşı qaydanı pozub və Kilian Mbappe təyin edilmiş penaltini qola çevirib.

Xatırladaq ki, ilk oyunda Parisdə 3:2 hesabı ilə qalib gəlmiş “Barselona” cavab oyununda 1:4 hesabı ilə məğlub olaraq, Çempionlar Liqasında mübarizəsini başa vurub.

Portuqal futbolçu aldığı təhdidlər haqda bunları deyib:

“Mənim sosial şəbəkə hesablarımda hələ doğulmamış qızımın ölümünü arzulayan şərhlər var. Əlbəttə ki, fəsad yaşayacaqları üçün bunu üzümə deməyəcəklər, amma şərhlərdə istədiklərini deyirlər.

Həyat yoldaşımı, gələcək qızımı təhqir edirlər. Bu gün dünya sərtdir və siz onunla necə davranacağınızı bilməlisiniz. Uşağın ölməsini arzulamaq çox ciddi məsələdir. Qoy məni bir futbolçu kimi tənqid etsinlər, amma ailəm haqqında danışmasınlar. Qoy mənim haqqımda bir oyunçu kimi danışsınlar, amma insan kimi deyil”, deyə Kanselo cəsarətlə bildirib.

Joao Kanselo 2023-cü ilin sentyabr ayında “Mançester Siti”dən icarə əsasında “Barselona”ya keçib. İcarə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kanselo “blauqrana”nın heəytində bütün yarışlarda 35 oyuna 4 qol və eyni sasyda məhsuldar ötürmə ilə fərqlənib.

Joao Kanselo 2016-cı ilin sentyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 52 oyun keçirib, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla