AZ

“Güclü olan qalib gəlsin” demək istəmirəm” - “Azərreyl”in kapitanından maraqlı açıqlama

Qadın voleybolçular arasında ölkə çempionatının finalında "Azərreyl" və "Abşeron" qarşılaşacaq.

“Football-plus.az” olaraq, aprelin 23-də keçiriləcək oyun ərəfəsində "dəmiryolçular"ın kapitanı Aynur İmanovanın fikirlərini öyrəndik:
"Yarımfinala və finala qalan komandalardan heç biri zəif deyil. Bizim üçün rəqibin fərqi yoxdu. Bütün komandalara qarşı eyni məsuliyyətdə, qələbə üçün hazırlaşırıq. Yarımfinalda rəqibimiz "Gəncə" idi. İlk oyunda 3:0 qalib gəldik. Qaydalara görə 4 set qazanan komanda artıq finala gedirdi. İkinci oyunda 1 set qalib gələndən sonra bildik ki, artıq finaldayıq. Ona görə məşqçimiz icazə verdi ki, gənc oyunçularımız oynayıb, təcrübə qazansınlar, finalın, yarımfinalın həyəcanını yaşasınlar. Bizim oyundan sonra "Abşeron"la "Murov Az Terminal" oynayırdı. İlk görüşü izlədim. Hər iki komanda finala layiq oyun göstərdilər. İkinci oyunda isə "Murov Az Terminal"ın daha istəkli olduğunu gördüm. Finala çıxmaq üçün əllərindən gələn hərşeyi etdilər. "Abşeron"a 2 set lazım olsa da, oyun “qızıl set”ə qədər getdi. Sadəcə, "Murov Az Terminal"ın finala çıxması üçün nəsə çatmadı. Finalda qalib gələcəyimizə inanıram, komandamıza güvənirəm. “Güclü olan qalib gəlsin” demək istəmirəm. Çünki burda təkcə güc yox, birlik, düşüncə, ağıl - hamısı üst-üstə düşməlidi. Bunlar bir yerdə olandan sonra, inanıram ki, qalib biz olacağıq. Yarımfinaldan fərqli finalda bir görüş hər şeyi aydınlaşdıracaq. Bunun təzyiqi, həyəcanı var üzərimizdə”.


GÜNAY SÜLEYMANOVA
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla