AZ

Yusuf Yazıcı Fransa klubunun tarixinə düşdü

Avropa Konfrans Liqasının 1/4 finalında “Aston Villa” ilə cavab oyunu “Lill”in türk yarımmüdafiəçisi Yusuf Yazıcı üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Fransa klubu İngiltərə təmsilçisinə penaltilər seriyasında uduzsa da, Türkiyə millisinin də üzvü olan hücumameyilli yarımmüdafiəçi bu görüşdə tarixi uğura imza atıb.

O, komandasının yeganə qolunun müəllifi olmaqla “Lill” tarixinin avrokuboklardakı bombardirinə çevrilib. Belə ki, Yusuf Fransa klubunun heyətində avrokuboklarda 12-ci qoluna imza atıb ki, bu da rekord göstəricidir.

Qeyd edək ki, Yusuf Yazıcı həm də Hakan Çalhanoğlu ilə birlikdə avrokuboklarda ən çox qol vuran türk futbolçudur.

Yusuf Yazıcı “Lill”in düşərgəsinə 2019-cu ilin avqustunda 18,5 milyon avro qarşılığında yetirməsi olduğu “Trabzonspor”dan keçib. Bu müddətdə Yazıcı 2022-ci ilin yanvarından iyununa qədər Moskva CSKA-sında çıxış edib. O, həmçinin bir müddət icarə əsasında “Trabzonspor”a qayıdıb və 2023-cü ilin iyununda yenidən “itlər”ə qoşulub. Yazıcının “Lill” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yazıcı “itlər”in heəytində 38 oyuna çıxıb, 11 qol vurub, 3 məhsuldar ötürmə verib. Yusufun “Lill”in heyətində ümumi statistikası isə belədir: 131 oyun, 28 qol, 14 məhsuldar ötürmə.

Türk futbolçu “Lill”in 2020/2021 mövsümündə Fransa çempionluğunu qazanmasında oyunu ilə müstəsna xidmətlər göstərib. Yazıcı həmçinin 2021/2022 mövsümündə Fransa Super Kubokunu qazanıb. Yusuf 7 qolla Avropa Liqasının 2020/2021 mövsümünün ən sərrast futbolçusu olub.

Yusuf Yazıcı 2017-ci ilin iyununda debüt etdiyi Türkiyə millisinin heyətində 42 oyuna 3 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet portalı 27 yaşlı Yusuf Yazıcını 10 milyon avro məbləğində qiymətləndirir.

Bahar Rüstəmzadə

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla