AZ

Fernando Muslera və Lukas Torreyra “Qalatasaray”da qaldı - Rəsmi

“Qalatasaray” 5 futbolçusu – Barış Alper Yılmaz, Lukas Torreyra, Fernando Muslera, Abdülkerim Bardakcı və Kaan Ayhanla yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Maraqlıdır ki, müqavilələrin müddəti və digər detalları açıqlanmayıb. Adları çəkilən futbolçular üçün imza mərasimi də təşkil edilib. Mərasimdə klub prezidenti Dursun Özbek, vitse prezident Erden Timur və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, Fernando Muslera 2011-ci ildən Türkiyə klubunun uğurları üçün çalışır. Uruqvaydan olan 37 yaşlı qapıçı İstanbul təmsilçisində indiyə qədər 502 oyuna çıxıb, 533 qol buraxıb, 181 matçda qapısını toxunulmaz saxlayıb. O, daha öncə “Latsio” və “Nasional”da da forma geyinib.

Barış Alper Yılmaz 2021-dən bu klubda forma geyinir. 23 yaşlı sağ cinah vingeri İstanbul klubunun heyətində 102 oyuna çıxıb, 10 qol vurub, 11 məhsuldar ötürmə verib. Türkiyə millisinin də üzvü olan futbolçu daha öncə “Ankara Demir”, “Keçiörengücü” kimi komandalarda da forma geyinib.

Lukas Torreyra və Abdullkerim Bardakçı 2022-dən “Qalatasaray”da çıxış edirlər. Uruqvaylı dayaq yarımmüdafiəçisi “Cim-Bom”un heyətində 75 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb. 28 yaşlı futbolçu “Arsenal”, “Sampdoriya”, “Peskara”, “Fiorentina”, “Atletiko” (Madrid) kimi klublarda da forma geyinib.

Abdulkerim isə indiki komandasının heyətində 72 oyuna 9 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Türkiyə millisinin də üzvü olan 29 yaşlı mərkəz müdafiəçisi daha öncə “Konyaspor”, “Adana Dəmirspor”, “Samsunspor”, “Dənizlispor”, “Altay”, “Girəsunspor” və “Selçukluspor” kimi klubların formasını geyinib.

Kaan Ayhan 2023-dən Türkiyə nəhənginin formasını geyinir. 29 yaşlı mərkəz müdafiəçisi bu komandada 49 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb. Onun oynadığı komandalar arasında “Fortuna” (Düsseldorf), “Sassuolo”, “Şalke” və “Ayntraxt” da var.

Bahar Rüstəmzadə

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla