AZ

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Moskva, 20 aprel, AZƏRTAC

Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin 15 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində MDLU və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti çıxış edib. Yubiley tədbiri çərçivəsində “Rusiya-Azərbaycan: dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda dəyirmi masa da təşkil edilib.

MDLU-nun rektoru İrina Krayeva tədbiri açaraq Mərkəzin yaranması tarixi və fəaliyyətindən bəhs edib. O xatırladıb ki, son illərdə Azərbaycan dili və Mədəniyyəti Mərkəzinə Bella Musayeva, Zemfira Rüstəmova, Leyla İsmayılova uğurla rəhbərlik ediblər.

MDB Baş katibinin müavini İlxom Nematov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin Humanitar siyasət şöbəsinin rəhbəri Tamilla Əhmədova, Moskvadakı Azərbaycan diasporunun başçısı Bəxtiyar Həsənov, Bakı Slavyan Universitetinin professoru Şərqiyə Həsənova, MDLU-nun fəxri professoru, Mərkəzin ilk rəhbəri Bella Musayeva və başqaları yubiley münasibətilə təbriklərini çatdırıblar.

Azərbaycan dilini öyrənən 1-ci kurs tələbələri məşhur “Qaynana” komediyasından səhnələr təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 2009-cu ildə Moskva Dövlət Linqvistika Universiteti ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq haqqında Sazişə əsasən yaradılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla