AZ

“Nicat ordakı əksər şahmatçılarla ilk dəfə qarşılaşır” - Sideifzadə

Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar turnirində şahmatçımız Nicat Abasov heç də yaxşı təsir bağışlamır.

“Football-plus.az” xəbər verir ki, qrossmeysterimiz 12 oyunun 6-da uduzub, 6-da heç-heçə edib və 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Artıq Nicat üçün turniri bitmiş saymaq olarmı? Görəsən, turnirə hazırlığın hansısa mərhələsində səhvə yol verilməyib ki? Bu sualları tanınmış mütəxəssis Fikrət Sideifzadə cavabladı:
“İddiaçılar turniri Nicat üçün bir qədər uğursuz keçir. Amma bunun obyektiv səbəbləri də var. Bilindiyi kimi, orda elə-belə şahmatçı yoxdu. Turnirdə dünyanın ən güclü 8 şahmatçısı iştirak edir. Nəzərə almaq lazımdı ki, Nicat heç vaxt superturnirlərdə oynamayıb. Bu səviyyəli şahmatçılara qarşı oyun təcrübəsi yoxdu. Bəzi oyunlarda bu açıq-aydın hiss olunur. Biz əvvəldən də təxmin edirdik ki, uğurlu olmayacaq. Amma bir qədər mübariz ola bilərdi. Hələ də heç bir qələbəsi yoxdu, turnir onun üçün çox ağır keçir. Ümid edirəm ki, son iki oyunun, heç olmasa, birində qələbə qazanar. “Mən bacararam” düşüncəsi şahmatçı üçün çox böyük bir dopinqdi. Lakin indiki vəziyyət o qədər də təəccüblü deyil. Belə turnirlər üçün bir neçə superturnirdə oynayıb, təcrübə yığmaq lazımdı. Nicatın isə demək olar ki, heç bir təcrübəsi yoxdu. Ordakı əksər şahmatçılarla ilk dəfə qarşılaşır. Bu üzdən nəticələrdə böyük bir sürpriz görmürəm. Amma bir qədər yaxşı oynaya bilərdi. Turnirə hazırlıq prosesindən xəbərim yoxdu. Bəlkə də hazırlıqda, turnir üçün taktikasının qurulmasında hansısa səhvlər olub. Məncə, Nicatın debüt hazırlığı pis deyil, normaldı. Ola bilər hesab edirdi ki, psixoloji baxımdan normal oynayacaq. Amma bir-iki məğlubiyyətdən sonra, xüsusilə Əlireza Firuzcaya qarşı oyunu çox aşağı səviyyədə keçirdi. Olsun, bu, sadəcə bir turnirdi. Bundan nəticə çıxarmaq, yola davam edmək lazımdı. Qarşısına məqsəd qoymalı, gələn dəfə də bu turnirə düşməlidi. Nəticə çox pis olsa da, faciə yoxdu. İlk dəfə iştirak edir. Ona görə davam etmək lazımdı”.


Xal durumu: Dommaracu Qukeş, Hikaru Nakamura, Yan Nepomnyaşi - 7,5, Fabiano Karuana - 7, Rameşbabu Praqnanandha - 6,5, Vidit Santoş - 5, Əlireza Firuzca- 4,5, Nicat Abasov- 3.

GÜNAY SÜLEYMANOVA
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla